RU

İsrail Baş nazirinin Ofisi: Modinin səfəri çərçivəsində İsrail və Hindistan 16 əməkdaşlıq sazişi imzalayıb

İsrail Baş nazirinin Ofisi Hindistanın Baş naziri Narendra Modinin səfəri çərçivəsində iki ölkə arasında 16 əməkdaşlıq sazişinin imzalandığını açıqlayıb.

Editor.az xəbər verir ki, rəsmi məlumata əsasən, Modinin İsrailə səfərindən sonra İsrail və Hindistan süni intellekt, kibertəhlükəsizlik və təhsil də daxil olmaqla, müxtəlif sahələrdə 16 əməkdaşlıq sənədinə imza atıblar.

Açıqlamada bildirilir ki, səfər zamanı tərəflər kənd təsərrüfatı innovasiyaları və texnologiyaları, mülki pilotsuz uçuş aparatlarının tətbiqi, peyk məlumatlarından istifadə, suvarma və gübrə idarəçiliyi, zərərvericilərə qarşı mübarizə, istixana bitkiləri və qabaqcıl becərmə texnologiyaları sahələrində bilik və təcrübə mübadiləsini nəzərdə tutan sazişlər də imzalayıblar.

Bundan əlavə, İsrail Xarici İşlər Nazirliyi səfər çərçivəsində Hindistanda Kənd Təsərrüfatı Tədqiqat və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı anlaşma memorandumunun da imzalandığını bildirib.

Eyni zamanda Narendra Modi İsrail ilə münasibətlərin “xüsusi strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldilməsi barədə qərar qəbul edildiyini vurğulayıb. O, həmçinin qarşılıqlı fayda əsasında azad ticarət sazişi üzrə danışıqların yaxın vaxtlarda başa çatdırılacağını qeyd edib.

// Gülnarə Abasova, Editor.az

Избранный
19
editor.az

1Источники