RU

Prezident İlham Əliyevin Xocalı manifestindəki 6 məqam

Yaxud müstəqil Azərbaycan naminə əzm və qətiyyət çağırışı 

Prezident İlham Əliyev fevralın 26-da Xocalı Soyqırımı Memorialının açılışı zamanı Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir sıra  məqamlara toxundu. Yazımızda həmin məqamları qruplaşdıracaq, dövlətimizin başçısının düşüncələrinin siyasi və mənəvi strukturu üzərində dayanacaq, həmçinin yekun nəticəyə gələcəyik. 
Birincisi, dövlətimizin başçısı fikirləri ilə 34 il əvvəl yaşanmış vəhşətin qan yaddaşımız olduğunu yada saldı. Ölkəmizin liderinin “Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır” mesajı Azərbaycanın dəhşətli cinayətə görə müqəssirləri məsuliyyətə cəlb etmək prinsipiallığının növbəti dəfə vurğulanmasıdır. 
İkincisi, Xocalı dəhşəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı, mövcud istiqamətdəki fəaliyyət, o cümlədən ­Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası sistemliliyini və ardıcıllığını saxlamalı, bütün bu vəzifələrin icrası müstəqil Azərbaycan Respublikasının, habelə cəmiyyətimizin qarşısında dayanan yüksək prioritetlik dərəcəsini qorumalıdır: “Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir”.
Üçüncüsü, Azərbaycan Xocalının qisasını döyüş meydanında alıb. Bu, həm də ilahi ədalətin təntənəsidir. Prezident İlham Əliyev Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində hərbi cinayətkarların bir hissəsinin Silahlı Qüvvələrimiz  tərəfindən məhv edildiyini, bir hissəsinin, xüsusilə separatçıların liderləri sayılan ünsürlərin Azərbaycanın ədalət mühakiməsi qarşısına çıxarıldığını əbəs yerə vurğulamır. Bu, Ermənistandakı revanşist qüvvələrə mesajdır: “Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir”. 
Dördüncüsü, Prezident İlham ­Əliyev Silahlı Qüvvələrimizin 2023-cü ilin ­sen­tyabrında gerçəkləşdirdiyi lokal xarakterli antiterror əməliyyatını əbəs yerə xatırlatmır. Məlumdur ki, məhz həmin əməliyyat nəticəsində Qarabağdakı xunta rejimi məhv edildi, işğalçılar ərazilərimizdən qovuldular, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bütün bunlarda da Xocalıya ədalət payının mövcudluğu ayrıca qeyd edilməlidir: “Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi”. 
Beşincisi, Memorial Kompleksin məhz Xocalıda açılışı ədalətin təntənəsidir. “Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”, - deyən Prezident İlham Əliyev keçmişə ekskurs mahiyyəti daşıyan düşüncələri ilə eyni zamanda, müqavimət formalaşdırır, tarixi yaddaşımızı cilalayır və ən başlıcası unutqan olmamaq çağırışı səsləndirir: “Bu gün bu Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, Ordumuza inam”. 
Nəhayət, altıncısı, Prezident İlham Əliyev bildirdiyi fikirlərlə tarixin acı dərslərindən nəticə çıxarılmasının vacibliyini yenidən vurğulayaraq, müstəqil, suveren Azərbaycan qarşısında yaşam formulu müəyyənləşdirir. Bu formulda 34 il əvvəlin dünənki günündə baş vermiş Xocalı dəhşətinin bir daha təkrarlanmaması naminə həm son dərəcə ciddi immunitet payı var, həm də torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının müqəddəs ruhlarına ehtiram: “Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın”. 
Sonda onu da bildirək ki, Prezident İlham Əliyev hər il fevralın 26-da Xocalı dəhşətini yada salır. Hesab edirik ki, dövlətimizin başçısının hər fikri, eyni zamanda, Azərbaycan dövlətinin strateji kursunun vurğulanmasıdır. Axı Xocalı soyqırımı bizi yalnız üzüntü və sarsıntıya qərq etmədi, eyni zamanda, gələcək gün uğrunda mübarizəyə səslədi. Nəzərə alaq ki, yaşadığımız qlobal dünyada və bu dünyanın tərkib hissəsi olan mürəkkəb coğrafi regionda ayaqda qalmaq, müstəqil dövlət mövcudiyyətini qorumaq naminə mübarizə mütləqdir. Tam əminliklə deyək ki, Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışı zamanı Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə açıqladığı məqamlar həmin mübarizə əzmini yüksək tutmaq naminə qətiyyətli çağırış mahiyyəti daşıdı. 

Ə.CAHANGİROĞLU
XQ

Избранный
12
xalqqazeti.az

1Источники