RU

İki növ pensiya almaq mümkündür? – AÇIQLANDI

Azərbaycanda pensiya təminatı sistemi sığorta prinsipi əsasında formalaşdırılıb və bu sistemdə əsas qaydalardan biri ondan ibarətdir ki, bir şəxsə eyni vaxtda yalnız bir əmək pensiyası təyin edilir. Bu norma “Əmək pensiyaları haqqında” qanunda açıq şəkildə təsbit olunub. Qanuna əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir və ödənilir.

Bu o deməkdir ki, əlilliyi olan şəxs həm əlilliyə görə, həm də yaşa görə əmək pensiyası almaq hüququ qazansa belə, iki pensiyanı paralel şəkildə ala bilməz. O, yalnız birini – özünə daha sərfəli hesab etdiyi pensiya növünü seçməlidir.

Pensiya növləri əsasən üç istiqamətdə formalaşır: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Bəzən bir şəxsin həyat şəraitinə görə bu hüquqların ikisi eyni vaxtda yarana bilər. Məsələn, əlilliyi olan və eyni zamanda qanunla müəyyən edilmiş pensiya yaşına çatan şəxs həm yaşa, həm də əlilliyə görə pensiya hüququ əldə edir. Lakin qanun bu halda ikiqat ödənişə imkan vermir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu mexanizm sosial sığorta sisteminin maliyyə dayanıqlığını qorumağa xidmət edir.

Akif Nəsirli

Onun sözlərinə görə, pensiya sistemi fərdi sığorta hesabında toplanmış vəsait və dövlət öhdəlikləri əsasında işləyir:

“Əmək pensiyası sosial sığorta prinsipi ilə formalaşır. Yəni vətəndaşın əmək fəaliyyəti dövründə ödədiyi məcburi dövlət sosial sığorta haqları gələcək pensiya təminatının əsasını təşkil edir. Eyni şəxsə iki fərqli əsasla paralel pensiya ödənilməsi sistemin maliyyə balansına mənfi təsir göstərə bilər. Buna görə də qanunverici seçim prinsipini tətbiq edib.”

Ekspert qeyd edir ki, praktikada vətəndaşlar adətən daha yüksək məbləğli pensiyanı seçirlər:

“Çünki pensiyanın məbləği fərdi hesabda toplanmış pensiya kapitalından, sığorta stajından və tətbiq olunan əmsallardan asılıdır. Əlilliyə görə pensiya bəzi hallarda daha yüksək ola bilər, digər hallarda isə yaşa görə pensiya üstünlük təşkil edir.

Bununla yanaşı, qanunvericilik vətəndaşa sonradan seçim hüququndan yenidən istifadə imkanı da yaradır. Məsələn, şəxs əvvəlcə əlilliyə görə pensiya alırsa və sonradan yaşa görə pensiya hüququ yaranırsa, o, aidiyyəti quruma müraciət edərək pensiya növünün dəyişdirilməsini tələb edə bilər. Bu zaman əvvəlki pensiya dayandırılır və yeni əsasla pensiya təyin edilir. Qeyd edilməlidir ki, burada söhbət yalnız əmək pensiyalarından gedir. Sosial müavinətlər və ya Prezident təqaüdləri ilə bağlı hallar ayrıca tənzimlənə bilər və müəyyən kateqoriyalarda əmək pensiyası ilə yanaşı əlavə ödənişlərin alınması mümkündür. Lakin iki ayrı əmək pensiyasının eyni vaxtda ödənilməsi qanunla nəzərdə tutulmur”.

İqtisadçı ekspert qeyd edib ki, əlilliyi olan şəxs həm əlilliyə, həm də yaşa görə pensiya hüququ qazansa da, qanunvericiliyə əsasən yalnız birini seçərək pensiya ala bilər:

“Bu yanaşma həm sosial ədalət prinsipinə, həm də pensiya sisteminin maliyyə sabitliyinə xidmət edir”.

Tunar
NOCOMMENT.az

Избранный
20
nocomment.az

1Источники