Bakı, 27 fevral, Pərvanə Qafarova, operator Ələkbər Baxşıyev, AZƏRTAC
Bu gün tətbiq edilən mexanizmlər yalnız risklərin qeydiyyatı ilə məhdudlaşmır. Onlar ölkə səviyyəsində diaqnostikanın aparılmasına, fövqəladə və böhran vəziyyətlərində vahid qərar qəbuletmə proseslərinin formalaşdırılmasına, eləcə də dövlət informasiya sistemlərinin rəqəmsal dayanıqlığının gücləndirilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi, general-mayor Azər Əhədov “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, xidmət və müvafiq qurumların mütəxəssislərindən ibarət işçi qrupu tərəfindən hazırlanan dövlət informasiya sistemlərinin diaqnostika sənədi hazırda dövlət qurumlarında razılaşdırma prosesindədir.
“Bu sənəd dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyətinin diaqnostikasına vahid yanaşmanın tətbiqi üçün unikal mexanizmi ehtiva edir. Düşünürəm ki, yaxın zamanda xidmət tərəfindən ərsəyə gətirilən sənədin təsdiq edilməsi bu sahədə ayrıca diaqnostikanın aparılması prosesini sürətləndirməklə yanaşı, ümumi informasiya təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsinə öz töhfəsini verəcək. Bu gün haqqında danışdığım informasiya təhlükəsizliyinin müxtəlif aspektlərdən qiymətləndirilməsi qaydası və ya mexanizmləri əslində bir-biri ilə əlaqəli və kompleks yanaşmanı göstərir. Misal olaraq, informasiya təhlükəsizliyi diaqnostikasının aparılması zamanı ortaya çıxacaq qiymətləndirmənin nəticəsi və müəyyənləşdiriləcək çatışmazlıqlar risklər reyestrinin formalaşdırılması üçün bir mənbə rolunu oynayacaq. Bugünkü tədbirin əsas məqsədi də məhz bu prosesdə dövlət qurumları ilə açıq müzakirələrin aparılması, risklərin idarə olunması sahəsində vahid yanaşmanın qüvvətləndirilməsi və praktik tətbiq mexanizmlərinin təqdim edilməsidir. Əminik ki, bugünkü müzakirələr informasiya təhlükəsizliyi risklərinin idarə olunması sahəsində daha koordinasiyalı, sistemli və nəticəyönümlü əməkdaşlığın formalaşmasına töhfə verəcək”, - deyə Azər Əhədov vurğulayıb.