Moskva ətrafında qonşusunun avtomobilini partladan şəxs saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
Rusiyanın Moskva vilayətinin Fryazino şəhərində iş adamının avtomobilini partlatmaqda şübhəli bilinən 61 yaşlı Anatoli M. saxlanılıb. Məlum olub ki, cinayəti törədən şəxs zərərçəkmiş kommersantın qonşusudur.
Məlumata görə, hadisədən bir müddət əvvəl tərəflər arasında ciddi münaqişə yaranıb. Buna səbəb iş adamı Sergeyin qonşuluqdakı torpaq sahəsini satın alaraq orada tikintiyə başlaması olub.
Tikinti texnikasının daimi səs-küyü Anatolini narahat etdiyi üçün o, əvvəlcə qonşusunun avtomobilinin təkərlərini doğrayıb. Bundan iki həftə sonra isə gecə saatlarında maşının altına bomba yerləşdirib.
Xatırladaq ki, hadisə fevralın 10-da Fryazino şəhərində baş verib. Dəmir yolu keçidi yaxınlığında “Nissan Patrol” markalı avtomobilin daxilində partlayıcı qurğu işə düşüb.
Hadisə nəticəsində 50 yaşlı Sergey Ş. ayağından xəsarət alıb.
Hazırda şübhəli şəxsə qarşı adam öldürməyə cəhd və partlayıcı maddələrin qanunsuz dövriyyəsi də daxil olmaqla üç maddə üzrə cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az