BMT nümayəndəsi: WUF13 təşkilatın formatı baxımından da, mahiyyəti üzrə də unikal tədbir olacaq
“WUF13 tədbiri həm təşkilatın formatı baxımından, həm də mahiyyəti üzrə unikal olacaq”1news.az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri WUF13-ə hazırlıq üzrə media-brifinqdə BMT-nin Əhali üzrə Proqramının (UN-Habitat) Qlobal Bilgi və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru bildirib. “Bu konfrans bütün maraqlı tərəfləri və əsas qrupları bir araya gətirir. Burada yalnız hökumət nümayəndələri deyil, həmçinin müxtəlif qeyri-hökumət strukturları və digər iştirakçılar da topluşur. Beləliklə, dövlət sektorunu hökumət nümayəndələri vasitəsilə, qeyri-hökumət sektorunu və özəl biznesi birləşdirən dialoq, fikir mübadiləsi və əməkdaşlıq üçün platforma yaranır. Məhz buna görə forum mahiyyətinə, strukturuna və keçirilmə formasına görə unikal sayılır,” – deyə E. Yemeru vurğulayıb. O əlavə edib ki, qlobal miqyasda 1,1 milyard insan yoxsul yaşayış sahələrində və qeyri-rəsmi məskunlaşmış ərazilərdə son dərəcə çətin şəraitdə yaşayır, 300 milyondan çox insan isə evsizdir. “Dünya Şəhərlər Forumu (World Urban Forum) bu kritik vəziyyəti gündəmə gətirəcək və diqqəti məhz bu məsələyə yönəldəcək. 2026-cı il həm də ona görə əhəmiyyətlidir ki, 10 il öncə – 2016-cı ildə Ekvadorun Kito şəhərində dünya hökumətləri birləşərək dayanıqlı urbanizasiya sahəsində öhdəliklər götürdülər. Bu, Habitat III konfransı çərçivəsində baş verdi və nəticədə “Yeni şəhər inkişaf proqramı” adlı sənəd qəbul olundu. Beləliklə, 10 il əvvəl dünya bu proqramın həyata keçirilməsinə söz verdi. İndi, 2026-cı ildə, irəliləyişi təhlil etmək, görülən işi qiymətləndirmək, əldə olunan nəticələri müəyyənləşdirmək və qalan boşluqları aşkarlamaq vaxtıdır. Eyni zamanda, bu qlobal proqramın növbəti onillik dövrü üçün planlar hazırlanmalıdır. Bu baxımdan WUF13 böyük əhəmiyyət kəsb edir. Forum dünya ictimaiyyətini bir araya gətirəcək və əsas sualları ortaya qoyacaq: “Yeni şəhər inkişaf proqramını nə qədər uğurla həyata keçirmişik və növbəti 10 ildə nə edə bilərik?” – deyə BMT nümayəndəsi bildirib.” Faiqa Məmedova