RU

Qızıl yenə "qızıla dönür"

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,4% artaraq 5 214,81 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 4,03% artaraq 90,5 ABŞ dolları olub.

Qlobal bazarda qızıl bahalaşması yerli bazara təsir edəcəkmi?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qlobal qiymət artımı adətən Azərbaycan bazarına da təsir göstərir:

“COMEX birjasında qızılın bir troya unsiyasının 5 200 ABŞ dollarını keçməsi dünya bazarında ciddi bahalaşma mərhələsinə işarə edir. Qlobal qiymət artımı adətən Azərbaycan bazarına da təsir göstərir, çünki ölkədə satılan qızıl məmulatlarının qiyməti əsasən beynəlxalq kotirovkalara və dollar məzənnəsinə bağlı formalaşır.

Adətən dünya bazarında qiymət artımı daxili bazara dərhal deyil, bir neçə gün və ya həftə ərzində ötürülür. Bu müddət idxal şərtləri, satıcıların mövcud ehtiyatları və dolların manata qarşı məzənnəsindən asılı olur. 

Əgər dünya qiymətləri yüksək səviyyədə sabit qalarsa, yerli bazarda həm külçə qızılın, həm də zinət əşyalarının satış qiymətlərində mərhələli artım müşahidə oluna bilər”.

Ekspert qeyd edib ki, hazırda qızıl bazarında əsas tendensiya investor marağının artması ilə xarakterizə olunur:

“Geosiyasi risklər, inflyasiya gözləntiləri və mərkəzi bankların ehtiyat siyasəti qızılı yenidən “təhlükəsiz liman” aktivinə çevirib. Gümüşün də qiymətində paralel artım qiymətli metallara ümumi tələbin yüksəldiyini göstərir.

Azərbaycanda isə qiymətlər təkcə birja göstəricilərindən deyil, həm də emal xərcləri, icarə və logistika xərclərindən asılıdır. Ona görə dünya bazarında unsiya üzrə artım birbaşa və eyni faizlə yerli bazara keçmir, lakin ümumi istiqamət adətən eyni olur. Dünya qiymətləri 5 200 dollar səviyyəsindən yuxarı qalarsa, yaxın dövrdə daxili bazarda da qızılın bahalaşması ehtimalı yüksəkdir”.

Избранный
5
cebheinfo.az

1Источники