RU

Türk ekspert: Azərbaycan və Türkiyə iş adamlarının birgə fəaliyyəti yalnız kapital axını ilə ölçülməməlidir

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq son illər yeni mərhələyə qədəm qoyub.

Bunu AZƏRTAC-a açıqlaması zamanı türkiyəli iqtisadiyyat və maliyyə məsələləri üzrə ekspert İlhan İşbaşı bildirib.

Onun sözlərinə görə, iki qardaş ölkə arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı etimad biznes mühitinə də öz müsbət təsirini göstərir.

“Azərbaycan regionda sabitlik, təhlükəsizlik və proqnozlaşdırıla bilən iqtisadi siyasət baxımından investorlar üçün etibarlı tərəfdaşdır. Türkiyə iş adamları üçün bu faktorlar sərmayə qərarlarında əsas rol oynayır. Son illərdə Azərbaycanda aparılan struktur islahatları, vergi və gömrük sistemində sadələşdirmələr, rəqəmsallaşma və sahibkarlığa dövlət dəstəyi mexanizmləri investisiya mühitini daha da cəlbedici edib. Sənaye parkları və azad iqtisadi zonalarda təqdim olunan güzəştlər türk investorlarının marağını artırır. SOCAR-ın Türkiyədə həyata keçirdiyi iri layihələr – xüsusilə Petkim və STAR neft emalı zavodu - iki ölkə arasında qarşılıqlı sərmayənin uğurlu modelini formalaşdırıb. Bu layihələr yalnız iqtisadi baxımdan deyil, həm də enerji təhlükəsizliyi və sənaye əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyır. Eyni modelin digər sahələrdə – logistika, kimya sənayesi, aqrar emal və yüksək texnologiyalar sahəsində tətbiqi mümkündür”, – deyə İlhan İşbaşı əlavə edib.

İlhan İşbaşının sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri yeni investisiya imkanları yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir infrastrukturun qurulması, yaşıl enerji konsepsiyasının tətbiqi və aqroparkların yaradılması türk şirkətləri üçün perspektivli sahələrdir: “Türkiyə şirkətləri tikinti, yol infrastrukturu, enerji, kənd təsərrüfatı və turizm sahələrində zəngin təcrübəyə malikdir və bu təcrübə Azərbaycanla ortaq layihələrdə səmərəli şəkildə istifadə oluna bilər. İki ölkə arasında əməkdaşlığın növbəti mərhələsi yüksək texnologiyalar və innovasiya sahəsini əhatə etməlidir. Startap ekosisteminin inkişafı, rəqəmsal transformasiya, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində birgə təşəbbüslər iqtisadi inteqrasiyanı daha da gücləndirə bilər. Nəqliyyat və logistika imkanlarının genişlənməsi, xüsusilə Orta Dəhliz üzərindən artan yük axını Azərbaycanı regional tranzit mərkəzinə çevirir. Azərbaycan Türkiyə üçün Mərkəzi Asiya bazarına çıxış imkanı yaradırsa, Türkiyə də Azərbaycan məhsulları üçün Avropa və Aralıq dənizi bazarlarına açılan qapıdır. Bu qarşılıqlı tamamlayıcılıq investisiya əməkdaşlığını daha da sürətləndirəcək”.

İşbaşının sözlərinə görə, gələcək dövrdə kiçik və orta sahibkarlıq subyektləri arasında birbaşa tərəfdaşlıqların genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

“Birgə biznes forumları, ticarət nümayəndəlikləri və investisiya platformaları bu istiqamətdə praktiki nəticələr verə bilər. Azərbaycan və Türkiyə iş adamlarının birgə fəaliyyəti yalnız kapital axını ilə ölçülməməlidir. Bu əməkdaşlıq ortaq istehsal, texnologiya transferi, yeni iş yerlərinin yaradılması və regional iqtisadi sabitliyin möhkəmləndirilməsi deməkdir. Qarşılıqlı investisiyaların artması iki qardaş ölkənin strateji tərəfdaşlığını daha da dərinləşdirəcək və uzunmüddətli dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradacaq”, – deyə İlhan İşbaşı vurğulayıb.

Избранный
11
1
azertag.az

2Источники