RU

Netanyahudan Osmanlı həmləsi: Türkiyə və Pakistana qarşı birləşdilər

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hindistanın Baş naziri Narendra Modinin İsrailə səfəri mövcud geosiyasi vəziyyətdə diqqət çəkib. Səfər çərçivəsində Knessetdə çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu Birinci Dünya müharibəsinə istinad edərək Osmanlı imperiyasını hədəfə alan fikirlər səsləndirib və həmin dövrdə Britaniya ordusunun tərkibində döyüşən hindli komandirləri xüsusi olaraq tərifləyib.

Yeni geosiyasi konfiqurasiyada Hindistanın da yer aldığı strateji ittifaq fonunda bu mesajlar təkcə tarixi xatırlatma deyil, həm də siyasi simvolizm kimi qiymətləndirilir. Modi–Netanyahu görüşləri təhlükəsizlik, müdafiə sənayesi və regional əməkdaşlıq baxımından mühüm məqamları əhatə etsə də, Knesset tribunasından verilən bəyanatlar Ankaraya mesaj kimi dəyərləndirilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Narendra Modinin İsrailə səfəri və ümumilikdə iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi regionda baş verən siyasi proseslərlə birbaşa bağlıdır:

“Hər iki ölkənin strateji rəqibləri var və bu rəqiblərin bir qismi üst-üstə düşür. Məsələn, Pakistan və Türkiyə buna misal ola bilər. Hindistan üçün Pakistan, İsrail üçün isə Türkiyə real rəqib hesab olunur.

İranın proksi qüvvələri bir-bir sıradan çıxdıqca və bu ölkənin ərazisinə zərbələr endirmək asanlaşdıqca İsraildə belə bir düşüncə formalaşıb ki, Tehrandan sonra yeni “İran” rolunda Türkiyə çıxış edə bilər. Əslində Yaxın Şərqə baxdıqda Tehranın boşalan mövqelərinin müəyyən mənada Ankara tərəfindən doldurulduğu müşahidə olunur. İsrail Türkiyənin regionda nüfuzunun genişlənməsini özü üçün böyük təhdid kimi qiymətləndirir.

Asif Nərimanlı 

Türkiyə ilə Pakistanın yaxın münasibətləri İsrail və Hindistanı da bir-birinə yaxınlaşdıran amillərdəndir. Digər tərəfdən, Hindistan uzun müddət İrandan ucuz neft alırdı. Lakin son zamanlar bu vəziyyət dəyişib. ABŞ-ın Hindistana xəbərdarlığından sonra rəsmi Dehli bu məsələdə strateji maraqlarını korrektə edib.

Nəhayət, İsrail–Hindistan münasibətlərinin inkişafı Dehlinin Yaxın Şərqə açılımı kimi də qiymətləndirilə bilər. Prinsip etibarilə, Dehli ərəb ölkələri ilə də sıx əlaqələr qurur. Bu baxımdan regional maraqlar kontekstində Yaxın Şərq Hindistan üçün cəlbedici istiqamət olaraq qalır”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
globalinfo.az

1Источники