525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Orta məktəblərdə tədris proqramına dəyişiklik edilməsi ən aktual məsələlərdən biridir. Orta ümumtəhsil məktəblərində yüksək texnologiya, rəqəmsallaşdırma və süni intellekt istiqamətində müvafiq addımlar zamanında atılmalıdır. Hətta biz bu sahədə gecikirik".
Təhsil eksperti Ramin Nurəliyev bunu 525.az-a söyləyib. Onun dediyinə görə, hal-hazırda Azərbaycanda orta ümumtəhsil məktəbinin proqramı çox köhnə bir proqramdır və bu köhnə proqramın orta məktəbdə oxuyan şagirdlərə də heç bir xeyri, faydası yoxdur:
"Ali təhsil müəssisələrinə qəbul istiqamətində yuxarı sinif şagirdlərinə heç bir fayda vermir. Müasir texnologiyanın, müasir tədris sisteminin ümumi proqramına tam zidd bir proqramdır. Bu səbəbdən məhz orta ümumtəhsil məktəblərində tədris proqramı mütləq və mütləq dəyişilməlidir. Tədris proqramı həm yüksək texnologiyaya, süni intellektə və müasir texnologiyaya uyğunlaşdırılmalı, həm də yuxarı siniflərdə ali təhsil müəssisələrinə qəbul proqramına uyğunlaşdırılmalıdır. Məsələn, ali təhsil müəssisəsinə hazırlaşan bir şagird Azərbaycan dilindən əgər qəbul imtahanı verəcəksə, ümumi mövzunun cəmi 10-15 faizini 10-11-ci sinifdə görmüş olur. Şagird digər 80-90 faizi də görmək üçün mütləq əlavə dəstək almalıdır. Çünki məktəbdə sadəcə 10 faizini görür. Bu 10 faizinə görə də şagird orta ümumtəhsil məktəbinə laqeyd yanaşır və davamiyyəti istənilən səviyyədə olmur. Ona görə də biz yuxarı sinif şagirdlərini orta ümumtəhsil məktəblərində tapmaqda çətinlik çəkirik. Bu istiqamətdə müəyyən düzəlişlər olunmalıdır".
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.