RU

Bakı yeni geosiyasi qovşaq kimi: Balkanlardan Azərbaycana açılan xətt

2026-cı ilin fevral ayı etibarilə Cənubi Qafqaz artıq əvvəlki kimi qeyri-müəyyənlik məkanı deyil, yeni kommunikasiya xətləri, enerji marşrutları və diplomatik platformalar üzərindən formalaşan bir geosiyasi qovşağa çevrilib.

Mart ayında Bakıda keçiriləcək XIII Qlobal Forum çərçivəsində Monteneqro və Şimali Makedoniya prezidentlərinin Azərbaycana səfəri də məhz bu dəyişən reallıqların kontekstində dəyərləndirilməlidir. Balkan regionu uzun müddət Avroatlantik inteqrasiya gündəmi ilə hərəkət etsə də, son illər daha çoxşaxəli və praqmatik xarici siyasət xətti müşahidə olunur. Azərbaycan isə enerji təhlükəsizliyi, Orta Dəhliz və regional diplomatik təşəbbüslər fonunda Balkan paytaxtları üçün diqqət mərkəzinə çevrilib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriya Qaraeva bildirib ki, bu səfər sıradan diplomatik protokol addımı deyil, strateji siqnaldır. Onun sözlərinə görə, 2026-cı ildə Avropada enerji təhlükəsizliyi və alternativ tranzit marşrutları məsələsi yenidən prioritetə çevrilib:

“Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, həm də logistika və siyasi dialoq platforması rolunu oynayır. Balkan ölkələri isə öz xarici siyasətlərini daha elastik və çoxvektorlu qurmağa çalışırlar. Onlar Brüssellə inteqrasiya xəttini saxlasalar da, paralel olaraq yeni tərəfdaşlarla əlaqələri gücləndirirlər. Bakıya səfər bu praqmatik balans siyasətinin təzahürüdür”.

Azərbaycanın regional güc kimi möhkəmlənməsinin Balkan ölkələrinin xarici siyasət prioritetlərinə təsirinə gəlincə, müsahibimiz qeyd edib ki, Azərbaycan son illərdə Cənubi Qafqazda təşəbbüs irəli sürən və gündəm formalaşdıran aktora çevrilib. Bu isə kiçik və orta ölçülü dövlətlər üçün mühüm göstəricidir, çünki onlar regional güclərlə əməkdaşlıq etməklə öz manevr imkanlarını artırırlar. Dediyinə görə, Balkan ölkələri yaxşı anlayır ki, enerji və nəqliyyat təhlükəsizliyi artıq yalnız böyük dövlətlərin inhisarında deyil. Azərbaycanla əməkdaşlıq onlara həm iqtisadi, həm də siyasi dividendlər qazandıra bilər. Eyni zamanda, Bakı ilə əlaqələr Avropa daxilində alternativ enerji xəttinin güclənməsinə töhfə verir. Bu, onların strateji düşüncəsində Azərbaycan faktorunu daha da önə çıxarır.

Züriyə Qarayeva: Cənubi Qafqazdakı sabitlik Balkan paytaxtları üçün risklərin azalması deməkdir

“Cənubi Qafqazda dəyişən balansı Monteneqro və Şimali Makedoniya hansı prizma ilə dəyərləndirir” sualını cavablandıran politoloq bildirib ki, onlar regiona sabitlik və inteqrasiya potensialı baxımından yanaşırlar. 2026-cı ildə əsas sual münaqişə ritorikasının deyil, normallaşma və kommunikasiya xətlərinin davamlı olub-olmayacağıdır. Onun fikrincə, əgər region tranzit və enerji körpüsünə çevrilirsə, bu Balkan dövlətlərinin də maraqlarına uyğundur. Çünki Balkanlar da oxşar şəkildə regional əməkdaşlıq modeli üzərində inkişaf edib:

“Bu baxımdan, Cənubi Qafqazdakı sabitlik Balkan paytaxtları üçün risklərin azalması deməkdir. Onlar dəyişən balansı daha çox iqtisadi perspektivdən qiymətləndirirlər”.

Bu səfərlərin Azərbaycanın Avropa İttifaqı daxilində mövqeyinə təsirindən də danışan həmsöhbətimizin dediyinə görə, Azərbaycan Aİ üzvü olmasa da, Birlik üçün strateji tərəfdaş statusunu möhkəmləndirir. Balkan ölkələri Aİ strukturlarına inteqrasiya prosesində olduqları üçün onların Bakı ilə yaxınlaşması Brüsseldə də diqqətlə izlənilir. Bu, Azərbaycanın Avropa məkanında funksional rolunun artdığını göstərir.

“Enerji, nəqliyyat və siyasi dialoq platformaları Bakını Aİ üçün praktik tərəfdaşa çevirir. 2026-cı ildə Avropa yeni güc balansı axtarışındadır və Azərbaycan bu balansın vacib elementlərindən biridir. Balkan liderlərinin Bakıya səfəri də məhz bu reallığın təsdiqidir”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Избранный
5
1
bakivaxti.az

2Источники