
Ukrayna Prezidenti Volodimir Zelenski üçtərəfli sülh danışıqlarının yeni mərhələsinin martın əvvəlində Əbu-Dabidə keçiriləcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə rəsmi “Telegram” kanalında yaydığı videomüraciətdə bildirib.
“Çox güman ki, növbəti üçtərəfli görüş Birləşmiş Ərəb Əmirliklərində, xüsusən də Əbu-Dabidə keçiriləcək. Biz görüşün martın əvvəlində baş tutacağını gözləyirik”, - deyə o, qeyd edib.
Zelenski həmçinin, 26 fevral cümə axşamı günü Amerika tərəfi ilə aparılan məsləhətləşmələrin daha çox növbəti üçtərəfli görüş üçün hazırlıq xarakteri daşıdığını deyib.
Qeyd edək ki, ABŞ, Ukrayna və Rusiya sonuncu dəfə Cenevrədə 17-18 fevral tarixlərində danışıqlar aparıblar. Görüş birinci gün təxminən altı saat, ikinci gün isə təxminən iki saat davam edib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqları “çətin, lakin işgüzar” adlandırıb. Ukrayna nümayəndə heyətinin rəhbəri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov isə danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirib.