Bakı, 27 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır. Tarixi Zəfərimizdən sonrakı dövrün qürurverici məqamlarından biri də əlamətdar günlərdə dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, həmçinin ailə üzvlərinin işğaldan azad olunmuş ərazilərə səfər etmələridir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova deyib.
O qeyd edib ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq.
“Xatırlatmaq istərdim ki, Xocalı soyqırımı 34 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biridir. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Həmçinin Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası soyqırımı faktının xaricdə tanınması prosesinə böyük töhfə verib. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, bu faciənin qurbanlarının xatirəsinin anılmasına və hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına nail olmaqdır. Kampaniya çərçivəsində görülən məqsədyönlü fəaliyyət nəticəsində dünya ölkələri erməni terrorçularının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi sayəsində xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir. Bu gün bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb”, - deyə A.Novruzova vurğulayıb.