RU

2026-cı ilin dövlət büdcəsi islahatları qənaət və səmərəliliyi artıracaq - EKSPERT DANIŞDI

“2024–2025-ci illərdə, bir sıra dövlət qurumlarında struktur islahatları həyata keçirilməyə başlanmışdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, bu islahatlar dövlət büdcəsinin səmərəli istifadəsini təmin etmək, vəsaitlərin qənaətlə xərclənməsini təşviq etmək və idarəetmədə şəffaflığı artırmaq məqsədi daşıyır:

”Eyni zamanda, ölkənin qarşısında duran çətin prioritetlər – işğaldan azad olunmuş torpaqlarda quruculuq və abadlıq işlərinin təşkili – ciddi maliyyə resurslarının yönləndirilməsini tələb edir. Bu isə büdcə xərclərinin daha diqqətlə və planlı şəkildə həyata keçirilməsini zəruri edir.

2026-cı ilin dövlət büdcəsi tarixi rekord həddə – təxminən 41 milyard manat səviyyəsinə çatmışdır. İldən-ilə sosial xərclər genişlənir, infrastruktur və tikinti layihələrinə ayrılan vəsaitlər artır, dövlət tərəfindən maliyyə resurslarının planlaşdırılması daha sistemli şəkildə aparılır. Lakin büdcə vəsaitlərinin tam səmərəli istifadə olunması hələ də diqqət mərkəzindədir.

Əvvəlki dövrlərin Hesablama Palatası rəy və hesabatları göstərmişdir ki, büdcə xərcləri proqnozlarla faktiki icra arasında müəyyən uyğunsuzluqlar nümayiş etdirir. Eyni zamanda Maliyyə Nazirliyinin aparmış olduğu planlı və plandan kənar yoxlamalar da bu nəticəni təsdiqləyir. Bu boşluqlar, xüsusilə dövlət satınalmalarının və layihələrin həyata keçirilməsində səmərəliliyin artırılmasını tələb edir.

Struktur islahatların əsas məqsədi büdcə xərclərinin optimallaşdırılmasıdır. Bu istiqamətdə KPI-ların tətbiqi, xərclərin faydalılıq əmsallarının ölçülməsi və monitorinqlərin aparılması prioritet məsələlərdəndir. Belə tədbirlər, həmçinin şəffaflığın artırılmasına və maliyyə resurslarının daha məqsədyönlü istifadəsinə xidmət edir.

Əlbəttə, bu cür islahatların daha əvvəl – məsələn, 10 il öncə – həyata keçirilməsi büdcə resurslarının səmərəli istifadəsini daha erkən təmin edə bilərdi. Lakin hazırda başlanmış struktur islahatları artıq təşkilatlanma mərhələsinə qədəm qoymuşdur və praktik tətbiqində səmərəli nəticələr verməsi gözlənilir.

Bir mütəxəssis kimi qeyd etmək olar ki, niyyət düzgün və məqsədəuyğundur. Əgər nəzərdə tutulan tədbirlər plan üzrə icra olunarsa, dövlət büdcəsinin qənaətlə və effektiv istifadə olunması, həmçinin maliyyə resurslarının optimal yönləndirilməsi təmin ediləcək. Bu isə dövlət idarəetməsində şəffaflığın və ictimai etimadın güclənməsinə də öz töhfəsini verəcəkdir”.

Müəllif: Günay Hacıyeva
Избранный
7
1
sia.az

2Источники