Berlin, 27 fevral, AZƏRTAC
Almaniyada aparılan yeni rəy sorğusunun nəticələri əhalinin böyük əksəriyyətinin uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrə girişin qadağan edilməsini dəstəklədiyini müəyyən edib.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, ZDF telekanalının “Politbarometer” araşdırmasına görə, respondentlərin 81 faizi belə qadağanı dəstəkləyib. Ən yüksək dəstək isə 18-34 yaş qrupunda qeydə alınıb.
Qeyd edək ki, hakim partiyalar İttifaq bloku (CDU/CSU) və Sosial Demokratlar Partiyası (SPD) 14 yaşadək uşaqlar üçün sosial media qadağasının qanunla qadağan olunmasını təşviq edirlər. CDU partiya qurultayında qanuni yaş həddi tələb edib, SPD isə mövqeyini açıqladığı sənəddə sosial mediadan istifadənin yaşa görə mərhələli şəkildə tənzimlənməsini təklif edib.
Sorğunun nəticələrinə əsasən, 18-34 yaşlı respondentlərin 84 faizi 14 yaşadək uşaqların “TikTok” və “Instagram” kimi platformalardan istifadəsinin qadağan olunmasını dəstəkləyib. Bu göstərici 35-59 yaş qrupunda 79 faiz, 60 yaşdan yuxarı şəxslər arasında isə 82 faiz təşkil edib.
Almaniya Kansleri Fridrix Merts də bu qadağanı dəstəkləyir. Kansler siyasi podkastların birində bu barədə deyib: “Əgər bu gün 14 yaşında uşaqlar gündə beş saat və daha çox ekran qarşısında vaxt keçirirsə və bütün sosiallaşma artıq yalnız bu vasitə üzərindən aparılırsa, onda gənclərdə şəxsi inkişaf çatışmazlıqlarına və sosial davranış problemlərinə təəccüblənməyə dəyməz”.
Dünyada ilk dəfə Avstraliya 16 yaşadək şəxslər üçün sosial mediadan istifadəyə dair qadağa tətbiq edib. Bu addımdan sonra da bir sıra ölkələrdə oxşar təşəbbüslər və qanun layihələri müzakirə olunur.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin