Gömrük siyasəti və taksi islahatları Onun sözlərinə görə, avtomobil bazarına inzibati tənzimləmələr də ciddi təsir edir. "Dövlət bu bazarın əsas iştirakçılarından biridir və qəbul olunan gömrük siyasəti qiymətlərin formalaşmasında mühüm rol oynayır. Gömrük rüsumlarının yüksək olması yekun satış qiymətinə birbaşa təsir edərək artıma səbəb olur. Bu baxımdan gömrükdə qiymətləndirmə prosesinin peşəkar və şəffaf şəkildə aparılması vacibdir". Eyni zamanda, V.Oruc bildirib ki, taksi fəaliyyəti üçün tətbiq olunan yaş məhdudiyyətləri və istismar müddətini başa vurmuş avtomobillərin bazardan çıxarılması da qiymətlərə təsir edir. Bu addımlar bir tərəfdən qiymət artımına səbəb olsa da, digər tərəfdən bazarda keyfiyyətin yüksəlməsinə gətirib çıxarır". İstehlakçı seçimi: elektromobil, hibrid və ekonom tipli avtomobillər V.Oruc qeyd edib ki, bir müddət əvvəl trend halını almış elektrikli avtomobillərin istifadəsinə maraq son dövrdə müəyyən qədər azalıb. "Güzəştlərin ləğvi, enerji doldurma infrastrukturunun yetərli səviyyədə olmaması və uzunməsafəli səfərlərlə bağlı məhdudiyyətlər bu sahədə tələbin enməsinə səbəb olub. İlkin maraq yüksək olsa da, sonradan hibrid avtomobillərin bazarda daha geniş yayılması elektrikli avtomobillərin mövqeyini zəiflədib. Bundan əlavə, bəzi hallarda ehtiyat hissələrinin baha olması da elektromobillərə marağın azalmasına təsir göstərib". Sədr vurğulayıb ki, hazırda vətəndaşlar daha çox hibrid avtomobillərə üstünlük verirlər. "Bu seçim həm yanacağa qənaət, həm də iki fərqli enerji mənbəyindən istifadə imkanı ilə bağlıdır. Mövcud şəraitdə hibrid avtomobillər ən optimal seçim hesab olunur. Yol hərəkəti qaydalarındakı dəyişikliklər və yanacaq xərclərinin artması fonunda ekonom tipli avtomobillərə maraq xeyli artıb. "Yeni nəsil avtomobillərin ehtiyat hissələri hazırda kifayət qədər yüksək qiymətə təklif olunur" - deyə V.Oruc əlavə edib: "Ölkədə yeni servis mərkəzlərinin açılması və ustaların ixtisaslaşması yaxın illərdə bu problemin tədricən aradan qalxmasına, xidmət sahəsində ucuzlaşmaya səbəb olacaq". Bazarın keçmişi və bu günü: 2026-cı ilin reallıqları AQC sədri xatırladıb ki, əvvəllər Almaniya, Yaponiya və Koreya istehsalı olan avtomobillər üstünlük təşkil edirdisə, indi Çin istehsalı əsas oyunçulardan birinə çevrilib. "Əgər əvvəllər əsas diqqət markaya yönəlirdisə, indi texnoloji göstəricilər və qənaət ön plandadır. Beş il əvvəllə müqayisədə seçim meyarlarının dəyişib". "Hazırda bazarda müşahidə olunan nisbi durğunluğa gəlincə, V.Oruc deyib ki, bu, həm mövsümi haldır, həm də alıcıların qiymət artımı səbəbindən gözləmə mövqeyi tutması ilə bağlıdır. V.Oruc bildirib ki, 2026-cı ildən etibarən güzəştlərin ləğvi yeni avtomobillərin qiymətində təxminən 10–15 faiz artıma səbəb olub: "Bu, orta hesabla 3–5 min manat əlavə xərc deməkdir. Nəticədə yeni avtomobillərin bahalaşması ikinci əl avtomobillərə marağın yenidən artmasına gətirib çıxarıb. Hazırda ikinci əl bazarı yeni avtomobillərlə müqayisədə daha aktivdir".