RU

Tarixi faciələr: xatirələr və unudulmayan dərslər

Tanınmayan faciə yoxdur, tanıdılmayan faciələr var

Tarix insan üçün yalnız keçmiş deyil, o, həm də dərs, xatirə və həyatın özüdür. Tarix, insanın yaşadığı hadisələrin, etdiyi səhvlərin və qazandığı uğurların toplusudur. Bir elm sahəsi kimi o, həm bilik, həm təcrübə, həm də ibrət mənbəyidir. Tarixi öyrənmək, yalnız dövr adlarını və baş vermiş böyük hadisələri bilmək demək deyil, eyni zamanda insanlığın təcrübələrini, uğurlarını və acı dərslərini dərk etməkdir.
Tarixdə müxtəlif hadisələr baş verib. Bəziləri insanın gücünü, yaradıcı qabiliyyətini və iradəsini göstərir, bəziləri isə qarşısıalınmaz fəlakətlər, qanlı müharibələr və mənəvi sarsıntılar şəklində yaddaşlara həkk olunub. Hər bir dövlətdə və hər bir xalqa aid tarixi sənədlərdə həm böyük nailiyyətlər, həm də faciələr öz əksini tapır. Bu hadisələr yalnız keçmişin bir hissəsi deyil, həm də gələcək nəsillər üçün dərs və xatırlatmadır. Faciələr insanlığın nə qədər həssas və eyni zamanda güclü olduğunu göstərən, həm fərdi, həm də kollektiv yaddaşı zənginləşdirən hadisələrdir. Dünyada baş vermiş faciələr- o cümlədən müharibələr, təbii fəlakətlər, etnik təmizləmələr və insanlıq adına dərin travma yaradan hadisələr hər zaman tarixi araşdırmaların, tədqiqatların və xatirələrin əsas mövzusudur. Bu hadisələr yalnız rəqəmlərlə və statistik məlumatlarla ölçülmür. Onların insan talelərində yaratdığı dərin izlər, mədəniyyətlərdə buraxdığı əbədi izlər və toplumlarda doğurduğu dəyişikliklər də tarixi anlayışın vacib hissəsidir. Azərbaycanın tarixi də bu baxımdan istisna deyil. Baş vermiş faciələr, o cümlədən Xocalı soyqırımı xalqın yaddaşında silinməz izlər buraxıb. Düşünürəm ki, bu hadisələr yalnız tarixi fakt kimi öyrənilməyib, həm də insanlıq adına unudulmayan dərslər verib: azadlığın, ədalətin, milli birliyin və insan hüquqlarının dəyərini göstərib. 
Tarixi faciələri öyrənmək və xatırlamaq yalnız keçmişin acı izlərini yad etmək deyil, bu, gələcəkdə eyni səhvlərin təkrarlanmaması üçün ən vacib vasitədir. Hər bir sənəd, xatirə, foto və şəxsiyyətin yaşadığı acı hekayə bizə bir xəbərdarlıqdır. Tarixi faciələr həm də milli kimliyin, mədəniyyətin və bir toplumun dirçəlişinin göstəricisidir. Çünki bir xalqın yaddaşı yalnız uğurlarından deyil, yaşadığı acılardan və onlardan çıxardığı dərslərdən də ibarətdir. Bu baxımdan, tarixi faciələr həm qorxulu, həm də öyrədici təcrübələrdir. Onlar insanları düşünməyə, tarixdən nəticə çıxarmağa və gələcək nəsillər üçün doğru yol seçməyə çağırır. Tarixi öyrənmək, yalnız tarixi bilikləri artırmaq deyil, həm də insanlıq adına məsuliyyət hissini gücləndirməkdir.
Mövzu ilə bağlı daha ətraflı Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi, orta məktəblər üçün tarix dərsliklərinin və "Zəfər tarixi" dərs vəsaitinin həmmüəllifi Pərviz Ağalarovla söhbət etdik:


-Tarixi faciələr bir xalqın kollektiv yaddaşını necə formalaşdırır? Sizcə, bu yaddaş daha çox emosional yük daşıyır, yoxsa siyasi və ideoloji çərçivədə formalaşır?
-Tarixi faciələr müxtəlif toplumlarda müxtəlif assosiyalar yaradır. Yəni, hər toplumun faciələrə münasibəti eyniyyət təşkil etmir: bəziləri bunu faciə kimi xatırlayır və dərs çıxarmır. Bəziləri belə hadisələri sanki qan yaddaşına çevirir, daxildə və ölkə xaricində müxtəlif məqsədlər üçün istifadə edir, əziklik, aşağılıq kompleksi formalaşdırırlar. Bəziləri isə əksinə faciəvi hadisələri unutmur, lakin ondan lazımi dərslər çıxarır. Məsələn, ıı Dünya müharibəsi zamanı ABŞ Yaponiyanın iki şəhərinə atom bombası atdı, 200 mindən artıq insan həlak oldu. Onların böyük əksəriyyəti mülki əhali idi. Yaponlar indi də bu faciəni hər il xatırlayır, amma dərin faciəyə çevirmirlər. Ondan dərs çıxarmağa üstünlük verirlər.  Buna baxmayaraq əksər xalqların faciələrə yanaşmasında oxşarlıqlar var. Bu ümummilli hüznə, sanki ziyarət ritualına  çevrilir. Amma bu faciə içərisində aşağılıq yox, qəhrəmanlıq kultu formalaşdırılır və toplumun kollektiv yaddaşı da məhz bunun üzərindən formalaşdırılır. Məsələn , Azərbaycanın yaxın tarixində baş vermiş 20 yanvar hadisələri kimi. Xalqımız həmin günü hüzn ilə xatırlasa da, yaddaşımızda bu hadisə həm də bir qəhrəmanlıq dastanı kimi qalıb.
-Cəmiyyətlər zaman keçdikcə faciələri unutmağa meylli olurmu, yoxsa əksinə, həmin hadisələr milli kimliyin ayrılmaz hissəsinə çevrilir? Bu proses necə baş verir?
- Azərbaycan cəmiyyəti, ümumiyyətlə türk toplumu faciələri tez unudur. Bəlkə də bu  bizim baxışımızın daima gələcəyə zillənməsi ilə bağlıdır. Eyni zamanda bu unutqanlığı  toplumdaxili pozitiv enerji ilə də izah etmək olar.  Lakin elə hadisələr var ki, onları qətiyyən unutmaq olmaz. Unutqanlıq - faciələrin təkrar baş verəcəyinin ilkin və ən əsas şərtidir.
-Tarixi faciələrin beynəlxalq miqyasda tanınması nə dərəcədə əhəmiyyətlidir? Tanınmayan və ya təhrif olunan faciələrin gələcək nəsillərə təsiri nə ola bilər?
- Bütöv topluma qarşı törədilən faciələrin, cinayətlərin beynəlxalq miqyasda tanıdılması hüquqi baxımdan və ədalətin bərpası baxımından vacib məsələdir. Əsas olan da məhz ədalətdir. Tanınmayan faciə yoxdur, tanıdılmayan faciələr var. Təəssüf ki, tarixi çox zaman qaliblər yazdığından və bilərəkdən tərəf tutma, həqiqətlərin yanlış təqdimatı törədilən bəşəri cinayətlərə vaxtında doğru düzgün qiymət verilməməsinə gətirib çıxarır. Gələcək nəsillər də belə hadisələri dərindən araşdırmalıdır. Çünki "şübhəsiz ki bir gün həqiqət günəşi parlayacaqdır".
-Tarixi faciə dedikdə xalqımızın qan yaddaşına çevrilmiş Xocalı faciəsi ilk xatırlanan hadisələrdəndir. Sabah faciənin 34-cü ildönümüdür. Xocalı faciəsi Azərbaycan cəmiyyətinin yaddaşında hansı mərhələlərdən keçərək bu günkü yerini aldı? Hadisənin sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması prosesini necə qiymətləndirirsiniz?
- Xocalı soyqırımı yenicə müstəqilliyinə qovuşmuş Şimali Azərbaycanın informasiya blokadasında olduğu dövrdə baş verdi. Təəssüf ki, vaxtında  bu hadisə beynəlxalq ictimaiyyətin diqqətinə lazımınca çatdırılmadı. Xalqımızın yaddaşında silinməz iz buraxan bu amansız və insanlığa qarşı vəhşətlə dolu olan soyqırım beynəlxalq miqyasda yalnız 2008-ci ildən təbliğ olunmağa başlandı. Bu işdə Heydər Əliyev Fondunun və Leyla xanım Əliyevanın böyük zəhməti vardır. "Xocalıya ədalət" şüarı ilə aparılan  kompaniya nəticəsində dünyanın 10-dan artıq ölkəsi, ABŞ-nin 20 ştatı baş vermiş hadisəni öz adı ilə, yəni soyqırım kimi tanımışdır.
-Tarixi faciələrin əksəriyyəti artıq dərs vəsaitlərində yer alır və gənc nəslə bu hadisələr haqqında məlumat verilir. Sizcə, dərsliklərdə faktların əks olunması kifayət edirmi? (təqdimat forması, yanaşma dili, tarixi-siyasi kontekst ) Ümumiyyətlə, bu prosesdə təhsil sisteminin məsuliyyəti və missiyası nə olmalıdır?
- Xocalı soyqırımı haqqında məlumatlar müxtəlif dərsliklərdə - Azərbaycan dili və Ədəbiyyat, Azərbaycan tarixi və Ümumi tarix , həmçinin Həyat bilgisi dərsliklərində öz əksini tapmaqdadır. Əlbəttə haqqında onlarla kitab yazılmış bu soyqırımın bütün detallarını dərsliklərdə əks etdirmək mümkün deyil. Lakin xalqımıza qarşı törədilən bu faciənin səbəbləri, o dövrki tarixi şərait, ermənilər tərəfindən törədilın soyqırım aktının əsas aspektləri dərsliklərimizdə öz əksini tapır. Eyni zamanda şagirdlər müxtəlif resurslardan istifadə etməklə Xocalı soyqırımı haqqında təqdimatlar hazırlamağa sövq edilir. Bu zaman onlar baş vermiş faciə haqqında dərsliklərdə verilən məlumatları daha da dolğunlaşdırmaq imkanı da qazanırlar. Bu məsələ baş verən faciənin gənc nəslə çatdırılması və ondan lazımi nəticələr çıxarmaqla bir daha baş verməməsi baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda Elm və Təhsil Nazirliyinin göstərişi və təqvim planına uyğun olaraq hər il fevralın 26-da Respublikamızın ümumtəhsil məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunur, məktəblərdə tədbilər təşkil edilir.

Tarixi faciələr yalnız acı xatirələr deyil, həm də insanlıq adına əbədi öyrədici dərslərdir. Onlar bizə göstərir ki, azadlıq, ədalət və milli birlik adi sözlər deyil, qorunması və dəyər verilməsi vacib olan dəyərlərdir. Hər bir faciə insanları düşünməyə, keçmişdən dərs çıxarmağa və gələcək üçün məsuliyyətli addımlar atmağa çağırır. Xocalı faciəsi və digər tarixi hadisələr bizə unudulmaması lazım olan bir mesaj verir- bir xalqın gücü yalnız uğurlarında deyil, yaşadığı acılardan öyrəndiyi dərslərdə də ölçülür. Tarixi yaddaşın qorunması, xatirələrin yaşadılması və doğru dərslərin gələcək nəsillərə ötürülməsi isə həm milli kimliyimizin, həm də insanlığın gələcək naminə ən böyük sərmayəsidir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
olaylar.az

1Источники