Ali Məhkəmə ilk dəfə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib.
Bu barədə məhkəmədən məlumat verilib. Bildirilib ki, "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan edən hallar aydınlaşdırılıb.
Məsələn, şəxsi yazışmalar, keçmişi ilə bağlı məlumatlar, ər-arvad arasındakı şəxsi münasibətlər (emosional, cinsi və s.), ailədaxili davranışlar, uşaqların mənşəyi, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatlar. Atalığı mübahisələndirən şəxsin öz övladı kimi qəbul etdiyi, qayğı göstərdiyi, böyüməsində, təhsilində və tərbiyəsində iştirak etdiyi uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi, həmin şəxsin valideynik hüquqlarını pozmaqla yanaşı, işin hallarından asılı olaraq atanın şərəf və ləyaqətinin alçaldılmasına da səbəb ola bilər.
Bundan başqa, nikah münasibətlərinin faktiki pozulmasından sonra edilən bir sıra hərəkətlər də ər-arvadın şəxsiyyət hüquqlarının pozulması hesab edilmir və mənəvi zərərin vurulması əsasını təşkil edə bilməz. Məsələn, arvada (ərə) maddi yardım və qayğı göstərməmə, xəstəliyi ilə maraqlanmama və ər-arvad münasibətlərindən irəli gələn digər öhdəlikləri icra etməmə və s.
Mənəvi zərərin həcmi müəyyən edilərkən ümumi meyarlarla yanaşı xüsusi olaraq evliliyin müddəti, ər-arvadın yaşı, yenidən evlənmə imkanları, sağlamlıq vəziyyəti digər xüsusi hallar nəzərə alınır.Xüsusi olaraq qeyd edilməlidir ki, şəxsin yalnız şəxsiyyət, yəni qeyri-əmlak hüquqlarının pozulması ona mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması birbaşa mənəvi zərərin yaranmasına səbəb olmasa da, bəzi hallarda mənəvi zərər vurulmasına gətirib çıxara bilər.
Ərin-arvadın bir-birindən aliment və əlavə xərclər almaq hüququ da əmlak hüquqlarıdır, bu hüquqların pozulması yalnız o halda mənəvi zərərə səbəb olacaq ki, şəxsiyyət hüquqlarının pozulmasına gətirib çıxarsın. Məsələn, arvadına (ərinə) aliment ödəmək öhdəliyi olan ərin (arvadın) bu vəzifəsini yerinə yetirməməsi nəticəsində maddi zərər yaranır, lakin alimentin ödənilməməsi nəticəsində əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan qarşı tərəfin müalicə ala bilməməsi səbəbindən səhhəti pisləşərsə, artıq mənəvi zərər əsası yarana bilər.
Maraqlıdır, bu yenilik boşanmaların sayını artıra bilərmi?
Məsələ ilə bağlı vəkil Roman Qaraşov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, qərar məhkəmələr üçün meyarları daha da aydınlaşdırır:

“Qeyd edilən Plenum Qərarı ailə münasibətlərini hüquqi dövlətin əsas meyarı olan şəxsiyyət hüquqlarının toxunulmazlığı prizmasından sistemləşdirir - ləyaqət, şəxsi toxunulmazlıq, şərəf və ailə həyatına hörmət “ailə daxili məsələ” adı ilə hüquqi müdafiədən kənarda qala bilməz. Bu yanaşma Avropa Məhkəməsinin yanaşması ilə uzlaşır.
Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 8-ci maddə üzrə praktikası dövlətin yalnız müdaxilə etməməsini deyil, həm də ailə mühitində baş verən pozuntulara qarşı effektiv müdafiə mexanizmi yaratmasını tələb edir. Qərar məhkəmələr üçün meyarları (pozuntunun təsbiti, sübutetmə yükünün bölgüsü, müdafiə və kompensasiya alətləri) daha da aydınlaşdırır”.
Onun sözlərinə görə, bu səbəbdən tərəflərin daha tez məhkəməyə müraciət etməsi real ehtimaldır:
“İnsanlar pozuntunu (ünsiyyətə maneə, psixoloji təzyiq, sirrin yayılması, alçaldıcı rəftar və s.) “dözülməli ailə problemi” kimi deyil, hüquqla qorunan dəyərə müdaxilə kimi görməyə başlayırlar.
Amma bu, avtomatik boşanma demək deyil: əksinə, müraciətlər çox vaxt əvvəlcə hədəflənmiş müdafiə tələbləri (müdaxilənin dayandırılması, ünsiyyətin bərpası, məlumatın silinməsi və s.) formasında ortaya çıxa bilər”.
Vəkil qeyd edib ki, boşanma iddialarının artması məsələsində isə birbaşa əlaqə qurmaq doğru olmaz:
“Qərar boşanmanı təşviq etmir, sadəcə hüquqazidd davranışı daha görünən və sübutlandırıla bilən edir. Dolayı təsir mümkündür- sistemli ləyaqət alçaltma, zorakılıq və ya şəxsi toxunulmazlığa müdaxilə halları daha aydın hüquqi çərçivəyə düşdükcə bəzi şəxslər nikahın davamını mümkünsüz sayıb boşanma tələbini tezləşdirə bilər.
Lakin qərarın əsas nəticəsi “boşanmanı artırmaq” yox, ailə daxilində hüquqa hörmət mədəniyyətini gücləndirmək və pozuntuların vaxtında, mütənasib şəkildə aradan qaldırılmasını təmin etməkdir”.