ABŞ-ın paytaxtı Vaşinqtonda Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Qaranlıqdan işığa” adlı sərgi və rekviyem konserti keçirilib. Tədbir Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən təşkil olunub.
Hafta.az xəbər verir ki, anım axşamında ABŞ-da akkreditə olunmuş bir neçə dövlətin səfirləri, diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyət nümayəndələri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində görkəmli azərbaycanlı rəssam Nazim Məmmədovun Xocalı faciəsinə həsr olunmuş “Xocalı fəryadı” adlı sərgisi nümayiş etdirilib. Sərgidə 1992-ci ilin fevral hadisələri ilə əlaqəli ağrı, faciə və insan əzablarını əks etdirən bir sıra əsərlər yer alıb. Rəssam kolleksiya üzərində on il ərzində çalışıb, onu özünün yaradıcı və vətəndaşlıq missiyası kimi qəbul edib.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim çıxışında tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb və tarixin faciəli səhifələrinin yaddaşlarda qalmaqla yanaşı, həm də gələcək nəsillər üçün məsuliyyət mənbəyi kimi xidmət etməli olduğunu qeyd edib.
“Arts Council Azerbaijan”ın rəhbəri, ictimai xadim Dadaş Məmmədov “Xocalı fəryadı” sərgisi və kolleksiyasının yaranma tarixindən danışaraq rəssamın hansı dərin emosional və yaradıcılıq yolundan keçdiyini qeyd edib.
O, 40-dan çox əsərdən ibarət seriyanın ilk dəfə 2002-ci ildə - faciənin 10-cu ildönümü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunduğunu vurğulayıb. Bundan sonra bütün kolleksiya muzeyə bağışlanıb və onun fondunda saxlanılır. Vaşinqtonda kolleksiyanın yalnız kiçik, reproduksiya kimi təqdim olunan hissəsi sərgilənir.
Rəsmi çıxışlardan sonra azərbaycanlı bəstəkar və pianoçu Turan Manafzadənin konserti olub. Proqrama xatirə, kədər və mənəvi güc mövzuları ilə dolu əsərlər daxildir. Konsert zamanı zalda Konstantin Meldyaşevin “Xocalı” videoinstalyasiyası yayımlanıb.
