ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
“Cenevrədəki danışıqlar “hər şey bir anda həll olundu” kimi şərh edilməməlidir. Bu, həftələrdir davam edən prosesin yeni mərhələsidir”.
Bunu Globalinfo.az-a danışan Ankara Strateji Araşdırmalar Mərkəzinin (ANKASAM) şərhçisi Göktuğ Çalışkan deyib.
Onun sözlərinə görə, məsələnin əsasında texniki məqamlar durur: uran zənginləşdirmə dərəcəsi, ehtiyatların səviyyəsi, yoxlama prosedurları və müddət. Lakin bu texniki detallar regional təhlükəsizlik balansı ilə birbaşa bağlıdır:
“Məhz buna görə də İranın xarici işlər naziri Abbas Əraqçinin daha öncə bəhs etdiyi imzalanacaq sazişdə nüvə proqramının dinc xarakterli olması və sanksiyaların aradan qaldırılmasının əks olunduğu çərçivə əhəmiyyətlidir. Tehran mətndə sülh proqramının vurğulanmasını və sanksiyaların yumşaldılmasını istəyir. Digər tərəfdən, Vaşinqton İranın nüvə silahına malik olmasını ertələyən məhdudiyyətlər qoymaq istəyir. Bu dəfəki raundun ən vacib nəticəsi tərəflərin eyni mətndə bu iki tələbi uzlaşdıracaq dil axtarmağa davam etməsidir. Danışıqlar masasında yaranan atmosfer hələlik ehtiyatlı bir irəliləyiş olduğunu göstərir”.
Siyasi şərhçi əlavə edib ki, bu prosesdə əsas mübarizə prioritetlərlə bağlıdır:
“İran əvvəlcə sanksiyaların yumşaldılmasını, ardınca texniki addımların dərinləşdirilməsini istəyir. Digər tərəfdən, ABŞ və müttəfiqləri əvvəlcə məhdudiyyətlərin, daha sonra isə iqtisadi yumşalmanın olmasını istəyirlər. Cenevrədə hər raund bu prioritetlər üzərində mübarizəni bir az daha konkretləşdirir. Buna görə də, “fasilə” və “məsləhətləşmə” sözləri əslində mətnin dəqiqləşdirilməsini nəzərdə tutur”.
Ekspert bildirib ki, ABŞ Dövlət Katibi Cey Di Vensin “ABŞ diplomatik həllə üstünlük versə də, hərbi variantı da istisna etmir” ifadəsinə də bu kontekstdə baxılmalıdır:
“Vaşinqton diplomatik həll variantını mümkün kimi göstərsə də, təzyiq səviyyəsini yüksək saxlayır. Mesaj yalnız Tehrana yönəlməyib. O, həmçinin İsrailə, Körfəz ölkələrinə və Amerika daxili siyasətinin sərt qanadına “situasiyanı mən idarə edirəm” deyir. Bəli, bu cür ritorika gərginliyi artırır. Lakin bu, avtomatik olaraq “müharibənin olacağı” anlamına gəlmir. Danışıqlar dalana dirənsə və eskalasiya baş versə, risk artacaq. Genişmiqyaslı işğal və rejimi devirmək üçün əməliyyat xərc və nəticələr baxımından ağır prosesdir. Vaşinqtonda məhdud və hədəflənmiş təzyiq variantları daha çox müzakirə olunur: nüvə infrastrukturunu, raket imkanlarını və ya mühüm hərbi obyektləri hədəf alan strategiya və bunun ardınca danışıqlar masasına qayıtmaq. Lakin “məhdud” sözü aldadıcı ola bilər. İranın cavab vermə imkanı və regional şəbəkələri münaqişəni qızışdıra bilər. Qırmızı dənizdən Körfəzə, İraq-Suriya xəttindən enerji bazarlarına qədər zəncirvari reaksiya baş verər, bir qığılcımın belə iqtisadi fəlakət yarada bilər”.
G.Çalışkan qeyd edib ki, İran tərəfi iki məsələyə görə narahatdır: rejimin təhlükəsizliyi və sövdələşmə imkanları:
“Tehran nüvə məsələsini yalnız texniki məsələ kimi görmür, onu çəkindirmə və sövdələşmə imkanları ilə birləşdirir. Buna görə də, “tam məhdudlaşdırma” yanaşmasına qapı açmaq istəmir və yoxlamaya açıq olan, eyni zamanda geri dönüş imkanını qoruyan bir çərçivə axtarır. Digər tərəfdən, sanksiyaların iqtisadiyyatda yaratdığı təzyiq, sosial yorğunluq və regional gərginliklər sistemin buna tab gətirmə qabiliyyətini sınayır. Rejim üçün kritik hədd, xarici təzyiq gücləndikcə idarəetmənin daxildə zəifləməsidir ki, bu zaman verilən qərarlar daha əhəmiyyətlidir”.
Göktuğ Çalışkan
Ekspert bildirib ki, Türkiyənin “fövqəladə hallar üçün planları” ilə bağlı səsləndirilən iddialara soyuqqanlılıqla yanaşmaq lazımdır:
“Dövlətlər sərhədlərində böyük bir böhranın baş vermə ehtimalı olduqda ssenari planlaşdırmasından istifadə edirlər. Türkiyənin Suriya ilə bağlı təcrübəsi var. O, həm humanitar yükün ağırlığını, həm də sərhəd təhlükəsizliyinin həyati əhəmiyyətini başa düşür. İrandan qaynaqlanan sərhəd pozuntusu halında, Ankaranın prioritetləri qeyri-qanuni miqrasiyanın idarə olunması, sərhədinin mühafizəsi, sosial rifah və iqtisadi sabitliyin qorunması olacaq. Sərhəddə qaçqın düşərgəsinin qurulması adətən ən pis ssenariyə hazırlıqdır. Bu, panikanı idarə etməkdənsə, nizam yaratmaq refleksidir. Türkiyənin diplomatiyanı fəal şəkildə yürütməsi həm də region üçün təhlükəsizlik klapanı rolunu oynayır”.
G.Çalışkan təhlükəsizlik tədbirləri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin İrana müdaxiləsinin bugünkü şəraitdə ən az ehtimal edilən ssenari olduğunu deyib:
“İran institusional potensiala malik bir dövlətdir. Sərhəddən kənara atılan hər hansı bir addım beynəlxalq hüquq, regional reaksiyalar və münaqişənin artması riski kimi ciddi nəticələrə səbəb olardı. Lakin gəlin bu ən az ehtimal olunan ssenarini nəzərdən keçirək: sərhəd boyunca ciddi nəzarətsizlik, milyonlarla insanın xaotik axını və Türkiyənin təhlükəsizliyini birbaşa təhdid edən bir struktur. Hətta bu vəziyyətdə belə, müzakirə olunan variant genişmiqyaslı əməliyyat deyil, məhdud, müvəqqəti və təhlükəsizliyə yönəlmiş bir əməliyyat olacaq. Türkiyənin əsl gücü böhranı diplomatiya yolu ilə məhdudlaşdırmaqda və sərhəd təhlükəsizliyini qorumaqdadır”.
O qeyd edib ki, İrandakı Azərbaycan türklərinin “kütləvi şəkildə Türkiyənin şərqinə köçürülməsi” kimi ssenarilərin praktikada çox ağır nəticələri ola bilər:
“Belə bir addım İranın daxili tarazlığını sərtləşdirəcək; Türkiyədə sosial birlik və təhlükəsizliklə bağlı müzakirələri şiddətləndirəcək və regional aktorların hesablamalarını yenidən formalaşdıracaq. Buna görə də, bu mövzu real plandan daha çox psixoloji təzyiq yaradan müzakirəyə bənzəyir. Türkiyənin terrorizmlə mübarizə qabiliyyəti və dövlətçiliyi demoqrafik mühəndisliyə əsaslanmır”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.