
Almaniyanın müdafiə konserni "Rheinmetall" Danimarka hərbi idarəsindən beş ədəd səhra xəstəxanasının tədarükü üçün sifariş qəbul edib.
AFN.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında dərc olunub. Müqavilənin dəyərinin on milyonlarla avro civarında olduğu bildirilir. İlk sistemlərin tədarükünə növbəti iki il ərzində başlanılacağı gözlənilir.
Qeyd edək ki, Almaniyanın ən böyük müdafiə sənayesi şirkəti olan "Rheinmetall" Ukraynadakı münaqişə fonunda öz gəlirlərini əhəmiyyətli dərəcədə artırıb. Konsern Kiyevə tanklar da daxil olmaqla müxtəlif hərbi texnikalar tədarük edir, həmçinin Ukrayna ərazisində sursat istehsalı zavodu inşa edir.
Şirkətin rəhbəri Armin Papperger "Rheinmetall"ın Avropanın silahlanma sahəsində liderinə çevrilmək niyyətində olduğunu və 2026-cı il ərzində sifariş portfelinin 140 milyard avroya çatacağını bəyan edib.