ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Dekabr ayının sonunda Azərbaycanda ödəniş kartlarının sayı 21,98 milyon ədəd olub. Banker.az xəbər verir ki, ötən aya nisbətən 145 min artım qeydə alınıb və illik müqayisədə 10,5% artıb. Debet kartlarının sayı 12,8% artarkən, kredit kartlarının sayı 8% azalıb. Kartların sayının artması nağdsız ödənişləri stimullaşdırıb; dekabrda ölkədaxili nağdsız əməliyyatların həcmi illik 19% artaraq 10,097 mln. manat təşkil edib.Kart sayının çoxalması ölkədə nağdsız iqtisadi aktivliyin genişlənməsinin etibarlı göstəricisi hesab oluna bilərmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təkcə kart sayı nağdsız iqtisadi aktivliyin tam göstəricisi deyil: “Kartların sayının artması ümumilikdə ölkədə nağdsız ödənişlərin və rəqəmsal maliyyə xidmətlərinin genişləndiyini göstərən mühüm göstəricilərdən biri hesab oluna bilər. Çünki kart sayı artdıqca insanların bank xidmətlərinə çıxışı, onlayn və POS-terminal üzərindən ödəniş imkanları da genişlənir. Lakin təkcə kart sayı nağdsız iqtisadi aktivliyin tam göstəricisi deyil. Əsas məsələ həmin kartlardan nə dərəcədə aktiv istifadə olunması və nağdsız əməliyyatların həcminin artmasıdır. Əgər əməliyyatların həcmi də yüksəlirsə, bu zaman nağdsız iqtisadiyyatın real genişlənməsindən danışmaq olar”.
Akif Nəsirli
Bir şəxsin bir neçə kredit kartına sahib olması borclanma riskini artıra bilərmi?
“Bir şəxsin bir neçə kredit kartına sahib olması isə düzgün idarə olunmadıqda borclanma riskini artıra bilər. Çünki müxtəlif kartlar üzrə limitlərin olması insanı daha çox xərcləməyə təşviq edə və ödəniş tarixlərini qarışdıra bilər. Gəlir səviyyəsinə uyğun planlaşdırma aparılmadıqda və borclar vaxtında ödənilmədikdə faiz yükü artır və maliyyə çətinliyi yarana bilər. Buna görə də bir neçə kredit kartından istifadə maliyyə intizamı və məsuliyyət tələb edir”-deyə Akif Nəsirli qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.