RU

Sosial xidmət müəssisələrinə niyə 70 yaşı olanları qəbul edir? RƏSMİ

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda kimsəsizlər və yaşlı vətəndaşlar üçün sosial xidmət müəssisələrinə qəbul məsələsi cəmiyyətdə tez-tez müzakirə olunur. 

Bu müəssisələrdə hansı şəxslərin qəbulu mümkün olması, yaş həddi və qaydalar maraq doğurur, çünki məqsəd yalnız gündəlik qayğını deyil, həm də sakinlərin sosial və tibbi rifahını təmin etməkdir.

“Cebheinfo.az”-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətindən bildirilib ki, ahıl şəxslərin stasionar sosial xidmət müəssisələrinə qəbulu qanunvericiliklə müəyyən edilmiş yaş həddi – 70 yaş və yuxarı – əsasında həyata keçirilir. 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən müxtəlif yaş qruplarından olan şəxslərə stasionar, yarımstasionar və səyyar sosial xidmətlər göstərilir. Agentliyin bütün respublikanı əhatə edən 21 müəssisəsi və 13 filialı vasitəsilə bu şəxslər daim qayğı ilə əhatə olunurlar. 

Son illər ölkəmizdə həssas əhali qruplarından olan şəxslərin, o cümlədən tənha ahıl şəxslərin sosial müdafiəsi tədbirləri dəfələrlə gücləndirilib və bu istiqamətdə davamlı olaraq mühüm sosial islahatlar aparılır. 

"Sosial xidmət haqqında" Qanununa əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir. 

Agentliyin ahıl şəxslər üçün sosial xidmət müəssisəsində sakinlərə stasionar formada sosial xidmətlər göstərilir, ahıllarla sosial iş aparılır və onların sosial reabilitasiyası həyata keçirilir. 

Müəssisəyə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir. Hər bir ahılımıza sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir”. 

Bildirilib ki, müəssisədə təqdim olunan sosial xidmətlər yalnız gündəlik qayğı ilə məhdudlaşmır. Burada sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər görülür, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyalar, gəzintilər və s. təşkil olunur. Ahılların sağlamlığı da hər zaman diqqətdə saxlanılır və hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. 

“Eləcə də agentliyin tabeliyində Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir. 5 yaşından yuxarı çətin həyat şəraiti ilə qarşılaşan vətəndaşlar müəssisənin xidmətlərindən qanunvericiliyə uyğun şəkildə yararlana bilərlər. Buraya qəbul edilən şəxslərin sosial xidmətə olan tələbatı qiymətləndirilir, hər bir sakin üçün fərdi plan hazırlanır. 

Sakinlər burada qaldıqları müddətdə sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-iqtisadi xidmətlərə cəlb olunurlar və günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər. Burada sakinlərin məşğulluqlarının təminatı istiqamətində də işlər görülür və cəmiyyətə reinteqrasiyasına dəstək göstərilir".

Qeyd edilib ki, müəssisələrə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə aparılır. 

Həmçinin, vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 "WhatsApp" sosial platforması, eləcə də sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
1
cebheinfo.az

2Источники