RU

Ən Yeni nələr vəd edir?

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bir müddət öncə şair, esseist, Prezident təqaüdçüsü Seyid Aynur mətbuata açıqlamasında "yeni ədəbi cərəyan yaratdığını" dedi. O, "Ən Yeni" adlandırdığı bu cərəyanın çağdaş ədəbiyyatın inkişafına, xüsusən bölgədəki yazarların bir mərkəzə cəlb edilməsinə faydalı olacağını əminliklə vurğulayır. Mövzu ilə bağlı suallar qoyaraq Seyid Aynurun bu barədə fikirlərini, yeni ədəbi cərəyan və ondan gözləntilərini daha geniş şəkildə öyrənməyə çalışdıq.

Təbii ki, müsahibəmizə ilkin olaraq bu dövrdə yeni ədəbi cərəyan yaratmaq ehtiyacının nədən doğduğu ilə başladıq. Aynur xanım dedi ki, XX əsrin sonlarında Azərbaycan ədəbiyyatına daxil olan postmodernizm ədəbi cərəyanı zamanla hər şeyi ironiyaya çevirərək, insanda bir növ mənəvi boşluqlar yaratdı. Onun fikrincə, bu müstəvidə daha dərrakəli ədəbiyyata ehtiyac var:

"Əvvəla ondan başlayaq ki, ədəbi cərəyanlar, bəşəriyyətin məna axtarışının sənət müstəvisindəki metamorfozlarıdır. Tarix boyu yığılıb qalan, dilə gətirilməyən fikir və emosiyaların tüğyan etməsi, əvvəlki qəlblərə sığa bilməməsi ədəbi cərəyanların yaranması ilə nəticələnmişdi.Məsələn, elə klassisizmi götürsək, görərik ki, insan emosiyalarının boğulması, ikinci plana keçirilməsi nəticəsində romantizm doğuldu.

Sanki yazarlar bir ağızdan "Ağıl yetərli deyil, duyğu və xəyal lazımdır" dedilər. Ya da elə simvolistləri götürsək, onlar həqiqətin sirr pərdəsinin arxasında olduğunu, rəmzlərin köməyi ilə həmin arakəsməni qaldırmağın mümkünlüyünü iddia etdilər.

Birinci Dünya müharibəsindən sonra yaranmış xaos dadaizm və sürrealizmi yaratdı. Çünki xarabalıqlar içərisində qalan bir dünyanı ancaq yeni bir cərəyan izah edə bilmək qüdrətinə malik idi.

Azərbaycana 1990-cı illərdə "yeni dalğa" kimi gələn postmodernizm ideoloji qəliblərin qırılması yazıçıların daha sərbəst eksperimentlər aparmasına şərait yaratdı. Zamanla postmodernizm hər şeyi ironiyaya çevirərək, insanda bir növ mənəvi boşluqlar yaratdı.

Artıq "Ən Yeni"nin gəlişi ilə mətnin sökülüb yenidən yığılması kimi yorucu oyunlar öz yerini qlobal və kosmik sistemin ritminə tabe olan daha dərrakəli bir ədəbiyyata verməlidir. Bu yeni cərəyan ədəbiyyatın gücü ilə hər bir fərdin öz reallığını yaratmasına yol açır. Ümumiyyətlə, yeni texnika, yeni forma estetik həzz axtarışı burda böyük rol oynayır. Qısaca desəm, ədəbi cərəyanlar hər dövr üçün bir növ "update" yəni, vaxtaşırı yenilənməyə bənzəyir. Məhz ədəbiyyatın yenilənməyə olan ehtiyacı məni "Ən Yeni" cərəyanı yaratmağa sövq etdi.

Bədii mətn insan ruhunu kəsən, deşən sualların, müəllifin iç dünyasında apardığı savaşların məhsuludur. Ədəbi nəsnə milyardlarla insanın içərisindən müəllifini özü tapır. Düşünürəm ki, poeziya, yaxud proza məhz elə bu cür yaranır.

1990-2000-ci illərdə yaranan "Eqo yaradıcılıq Ordeni", "Baca", "Nəfəs" kimi ədəbi qruplar poeziyanın sərhədlərini genişləndirməyə çalışsalar da, bir çox nümayəndələri sonralar postmodernizmin xaotik sularının dərinliklərində gözdən itdilər. Zamanla yaranan ədəbi məktəblər ədəbiyyata yeni imzalar gətirsələr də, onların heç biri estetik meyar yarada bilməmişdilər. Çünki əsl ədəbi cərəyan fərdi ağrını kosmik idrakla birləşdirən bir manifest tələb edirdi. Çağdaş dövrün insanının hisslərini izah edə bilməyən köhnə cərəyanların yerini yeni və daha çox funksiyalı cərəyanın tutması təbii haldır.

İndi gələk "Ən Yeni" cərəyanda, mən belə hesab edirəm ki, istər proza, istərsə də poeziya olsun, üstün növ, janr yoxdur. Ənənəvi və ya müasir janrda olsun, fərq etməz, ustalıqla yazılan hər bir yaxşı əsərin qiyməti layiqincə verilməlidir. Ədəbi nəsnə saf sudursa, forma onun axdığı məcradır.

Bu cərəyan sadəcə bir yazı tərzi deyil, bir varlıq fəlsəfəsidir. Onun digər cərəyanlardan fərqi və estetik prinsipləri bir neçə əsas sütun üzərində dayanır. Əvvəla, formanın qəliblərdən azad olması: "Ən Yeni" cərəyanın fəlsəfəsinə görə, yaxşı şeir mütləq konkret janrın (qoşma, qəzəl və ya sərbəst) içində boğulmamalıdır. Forma şeir üçün zindan yox, ruhun axdığı bir məcra olmalıdır. Üç-dörd misradan ibarət bir hayku, əgər müəllifin iç dünyasındakı böyük bir savaşı əks etdirə bilirsə, o, möhtəşəm bir proza qədər ağır və dəyərlidir.

İkincisi, dilin arınması və milli kimlik: bu cərəyan doğma ana dilimizin saflığını qorumağı birinci vəzifə hesab edir. Qonşu dillərdən gələn, süni şəkildə mətnə daxil edilən alınma söz və ifadələr ədəbi mətnin bədii gücünü azaldır. "Ən Yeni" ədəbiyyat xalqın başa düşəcəyi, lakin bədii dərinliyini itirməyən sadə, duru və zəngin bir Azərbaycan dilini təbliğ edir.

Üçüncü sütun gender bərabərliyi və insan hüquqlarıdır. Ədəbi mətnlərdə qadın-kişi bərabərliyinin qorunması "Ən Yeni" cərəyanın sosial-estetik hədəfidir. Qadın artıq sadəcə "ilham pərisi" və ya "məzlum obraz" deyil, cəmiyyətin və ədəbiyyatın bərabərhüquqlu, güclü fərdi kimi tərənnüm olunur.

Dördüncüsü, realizmin fövqündəki real İnsan: bu cərəyan fantastikaya meyil etmir. Məkan və qəhrəmanlar tamamilə realdır. Lakin burada bir dönüş nöqtəsi var: qismət, bəxt və ya qədərdən şikayət edən "küsən insan" tipi artıq yox olur. Onun yerinə yazdığı hər misranı bir duaya, bir ayinə çevirən, öz reallığını özü yaradan "Fövqəl İnsan" gəlir. Bu insan mikroskopik canlılardan tutmuş kosmik sistemin ritminə qədər hər yerdə həyat eşqi tapan, iradəsi ilə taleyinə qalib gələn insandır.

Bir sözlə, "Ən Yeni" ədəbi cərəyanı dünyada baş verən hadisələrə, kainata və onun bir hissəsi olan insana münasibətinə, ədəbiyyatın ilahi başlanğıcı olan kosmik qüvvəyə inamına görə bir-birinə yaxın olan, dünyanı bəsirət gözü ilə görə bilən yazarları birləşdirəcək.

Doğrudur, bəzi insanlar yazının, qələmin insan əlində bu qədər güclü silaha çevrilərək ona arzuladığı həyatı bəxş edə biləcəyinə qeyri-ciddi yanaşa bilərlər, ancaq bu manifestin ardıcıllarının fərqi insanın üstün qüvvələrə malik olmasına sonsuz inamındır".

Ədəbiyyat kimi böyük və çoxistiqamətli, qədim tarixə malik bir sənətdə tək və ya 2-3 nəfərlə cərəyan yaratmağa cəhd etmək kifayət qədər cəsarətli addımdır. Çünki bir istiqamətin, bir metodun ədəbi cərəyana çevrilməsi üçün onun kifayət qədər davamçısı olmalıdır. Aynur xanımsa düşünür ki, əsas olan manifesti neçə nəfərlə yaratmaq deyil, nə qədər adamı arxanca apara bilməkdir:

"Ədəbiyyat tarixində bir çox təkbaşına manifest yazan mürəfəkkirlər də olub. "Sürrealizm Manifesti" ilə sürrealizmin atası hesab olunan Andre Breton manifesti tək yazan saysız ardıcılları olmuş nadir şəxsiyyətlərdən biridir. Həmçinin Edqar Allan Po, Volter kimi dövrünün dahi şəxsiyyətlərinin adını çəkmək olar. "Kafkaizm" cərəyanı Frans Kafkanın yaratdığı, lakin sağlığında elan etmədiyi bir cərəyan olub. Yəni adam heç bir qrupa daxil olmadan təkbaşına modernizmin ən böyük qolunu yarada bilib. Əsas olan manifesti neçə nəfərlə yaratmağın deyil, nə qədər insanı ardınca apara bilməyindir".

Seyid Aynur mətbuata açıqlamasında qeyd etmişdi ki, əsas məqsəd Azərbaycan dilinin saflığını qorumaq, milli kimliyi və milli-mədəni dəyərləri ədəbiyyat vasitəsilə yaşatmaq, sadə və poetik dildə yazılmış müasir ədəbi nümunələrin yaranmasını təşviq etmək, istedadlı qələm sahiblərinin, xüsusilə gənc və regionlarda yaşayan yazarların ədəbi mühitə qazandırılmasına dəstək olmaq, ədəbi düşüncədə yenilik və dinamika yaratmaq, eləcə də ədəbiyyatda gender bərabərliyinin təmin edilməsinə töhfə verməkdir. Bir ədəbi cərəyanın öncədən düşünülmüş, bir növ planlaşdırılmış məqsədlə yaradılması da sual doğurur. Müsahibim bu məqama da aydınlıq gətirdi:

"Bəli, zəngin ana dilimizin saflığının qorunması, təbliği, qadının sadəcə "ilham pərisi" deyil, cəmiyyətin bərabər hüquqlu güclü bir fərdi kimi tərənnümü mənim yaratdığım manifest üçün olduqca vacib dəyərdir. Məncə, bu dəyərlərə təkcə bizim ardıcıllar deyil, bütün yazarlar sahib çıxmalıdırlar. Hazırda mənə və ilk ardıcıllardan olan Gülnar Ümidə manifestə qoşulmaq istədiklərini bildirən, çox saylı ardıcıllarımız müraciət etməkdədir. Bu yaxın aylarda ardıcıllarla birgə ədəbi müzakirələrə başlamağı düşünürəm. Ardıcılların sayını hələ elan etmək istəmirəm. Qoy, bu rəngarəng olan ədəbi cameəmiz üçün surpriz olaraq qalsın".

Aynur xanım deyir ki, orta və yaşlı nəsil yazarlardan, ədəbiyyatçılardan da onların bu ədəbi cərəyanına qarşı maraq və dəstək var. O, ədəbiyyatımızda öz sözünü demiş bu yazarların da dəstəyi ilə yeni ədəbi cərəyanı inkişaf etdirəcəyinə, məqsədlərinə çatacağına inanır:

"Doğrusu, özüm də bu qədər dəstək alacağımı gözləmirdim. Dəyərli Xalq şairimiz Vahid Əziz, yazıçı-dramaturq Elçin Hüseynbəyli, şair-esseist Rasim Qaraca, şair Qulu Ağsəs, yazıçı-jurnalist Qurban Yaquboğlu "Ən Yeni" ədəbi cərəyanla bağlı mənə xeyir-dua verən, uğur arzulayan ilk ədiblərimizdən oldular. Buna görə hər birinə minnətdaram. Ardıcılları mən və şair dostumuz Gülnar Ümid inamla gözləyirik. Manifestin ardıcıllarının çox, lap çox olacağına əminəm".

Şahanə MÜŞFİQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
525.az

1Источники