RU

Yeni brend: Can Laçın

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Laçın adı illərlə mahnılarda, nisgilli söhbətlərdə həsrətlə anıldı. "Can Laçın" sevgi və qayıdış ümidi idi.

Laçın işğaldan azad olunandan qısa müddət sonra həmin ifadə ideyaya, ideya isə brendə çevrildi.

Dövlətin tapşırığı ilə Laçın şəhərinin bərpa və yenidən qurulmasını həyata keçirən Bakı Abadlıq Xidməti  ilk sakinlər üçün təşkil etdiyi bayramlarda - Laçın Şəhəri günü, Novruz və Yeni il tədbirlərində bu əsrarəngiz torpağın nemətlərini  - məşhur Laçın balını, şəfalı dağ çiçəklərini "Can Laçın"  yarmarkalarında sərgilədi. Həkərinin qızıl balığı, nadir bitkilərdən hazırlanmış efir yağları,  bulaq suyu ilə bəslənmiş orqanik məhsullar doğma yurdun xiffətini çəkənlər üçün əsl hədiyyə oldu.  "Can Laçın"a olan böyük maraq göstərdi ki, bu brend bazarda öz yerini tutmağa hazırdır.

Laçını laçınlılardan yaxşı tanıyan yoxdur, hansı bitkinin nə vaxt yığılacağını, hansı meyvənin necə emal ediləcəyini bilirlər. Nəsildən-nəslə ötürülən bu təcrübə hazırda "Can Laçın" brendinin əsasını təşkil edir.

Məhsul xətti eksklüzivdir. Yaylaq mövsümü uca dağlarda bitən əlvan çiçəklərin ətri Laçın balına hopub. Yazın sonunda, sayılı  günlərdə yamaclardan yığılıb duza qoyulan "körpə" çaşır  şəfaverici xüsusiyyətləri ilə tanınır.  Məkana xas bitkilər sırasında şoşan qurmanlar üçün ekzotik dad sayılır.  Qaragöl ətrafından - 2600 m yüksəklikdən dərilmiş solmazçiçəyi, kəklikotu, qantəpər, dazıotunun dadı, ətri, təsiri bambaşqadır. Həkəri çayı kənarından sübh tezdən dərilmiş yemişanın mürəbbəsi milli mətbəxə təkrarsız tam bəxş edir. İtburnu doşabı həyat enerjisidir, ərsəyə gəlməsi üçün çəkilən zəhmətə dəyər. On iki cür kəkliotunun dəmləməsi və kompotu  bazara tamamilə yeni - ətirli və sağlam içki təklifidir.  Bitkilərdən çəkilən qatqısız, orqanik efir yağları səxavətli Laçın torpağının cövhəri sayıla bilər.

"Can Laçın" brendinin tanıtımında məqsəd sadəcə məhsul satışı deyil. Əsas niyyət Laçına qayıdışı, torpağın dirçəlişini və yerli istehsalın gücünü nümayiş etdirməkdir. Laçın məhsulları artıq daha əlçatan olur, daha geniş çevrəyə təqdim edilir. Hər qablaşdırmanın arxasında torpağın hekayəsi, zəhmət və qayıdış ruhu dayanır.

"Can Laçın" brend olmaqdan daha çox dəyərdir. Bu ad ürəkdən gəlir, yurd yerinə bağlılığı ifadə edir. Laçın yenidən nəfəs alır, torpaq yenidən məhsul verir, doğma dadlarla bərabər bərəkət də süfrələrimizə qayıdır.

VAQİF

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
525.az

1Источники