RU

“ÖLKƏYƏ 253 MİLYON GƏLİB, 1,8 MİLYARD ÇIXIB” “Durum narahatedicidir...”

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“İnvestisiya fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişikliklər parlamentdə müzakirə olunur. Söhbət dövlətin “strateji investisiyaları” əldə etmək hüququnun genişləndirilməsindən gedir. İqtisad elmləri doktoru, professor Saleh Məmmədov dəyişiklikləri şərh edərkən bildirib ki, məsələ texniki düzəliş deyil, investisiyaların qorunması fəlsəfəsinə yenidən baxılmasıdır.

Belə ki, hazırda qanunun 13-cü maddəsində dövlətin investorun razılığı olmadan investisiyanı geri ala bilməsi üçün yalnız iki əsas var: dövlət ehtiyacları və fövqəladə hallarda rekvizisiya. Hər iki halda isə ədalətli bazar kompensasiyası və vaxtında ödəniş prinsipi tətbiq olunur ki, bu da beynəlxalq praktikada qəbul olunmuş modeldir.

S.Məmmədov bildirdi ki, təklif olunan dəyişiklik üçüncü əsas əlavə edir – “müstəsna hallar” yarandıqda və investisiya dövlətin və xalqın maraqlarına zərər vurduqda və ya milli maraqlara zidd olduqda dövlətin “strateji investisiyaları” əldə etməsi imkanı.

Onun sözlərinə görə, burada əsas məsələ iki ciddi məhdud istisna modelindən daha geniş və şərhə açıq kateqoriyaya keçiddir:

“Artıq söhbət yalnız fövqəladə vəziyyətdən və ictimai ehtiyac üçün klassik müsadirədən getmir. ‘Strateji investisiya’ və ‘milli maraqlar’ kimi anlayışlar daxil edilir. Bu isə hüquqi mühitin xarakterini dəyişir”, – deyə professor vurğulayıb.

O əlavə etdi ki, hüquqi baxımdan bu, dövlətin diskresiya səlahiyyətlərinin genişlənməsi, iqtisadi baxımdan isə risk qavrayışının dəyişməsi deməkdir. Professorun fikrincə, investor yalnız normanı deyil, onun nə dərəcədə proqnozlaşdırıla bilən olduğunu qiymətləndirir.

Saleh Məmmədov bildirdi ki, strateji sahələrin qorunması dünya praktikasında normal haldır. O, ABŞ-da CFIUS mexanizminin milli təhlükəsizlik baxımından sövdələşmələri əvvəlcədən yoxladığını və prezidentin risk gördükdə sövdəni bloklaya bildiyini xatırlatdı.

Böyük Britaniyada milli təhlükəsizlik və investisiyalar haqqında qanun hökumətə həssas sektorlarda müdaxilə imkanı verir, lakin prosedur, meyarlar və qərar qəbuletmə qaydası aydın şəkildə müəyyən edilib.

Professor qeyd etdi ki, Avropa İttifaqında birbaşa xarici investisiyaların yoxlanılması mexanizmi təhlükəsizlik və ictimai qaydanın qorunmasına yönəlib. Almaniyada isə İqtisadiyyat Nazirliyi müəyyən faiz hədlərini və konkret sektor siyahısını əsas götürərək sövdələşmələri yoxlayır.

“Əksər inkişaf etmiş ölkələrdə dövlət ilk növbədə yoxlayır, şərtlər qoyur, məhdudiyyət tətbiq edir və ya sövdəni bloklayır. Birbaşa dövlət əldə etməsi daha sərt və nadir alət sayılır”, – deyə Məmmədov bildirdi.

O vurğuladı ki, əsas fərq şəffaflıq və hüquqi müəyyənlikdir: strateji sektorların siyahısı, qərar meyarları və investora qərardan şikayət vermək hüququ dəqiq göstərilir. Professor qeyd etdi ki, belə dəyişikliklərin təsiri dərhal hiss olunmasa da, həmişə həssas olur.

Onun sözlərinə görə, “strateji investisiya” və “milli maraqlara ziddiyyət” kimi anlayışların geniş şərhə açıq olması investorun risk mükafatını artırır. Bu isə ya daha yüksək gəlirlilik tələbi, ya da layihə strukturunda əlavə sığorta mexanizmləri deməkdir ki, nəticədə ölkə üçün kapitalın dəyəri artır. S.Məmmədov əlavə etdi ki, enerji, nəqliyyat-logistika, telekommunikasiya, məlumat emalı mərkəzləri, infrastruktur və xammal sektorları kimi sahələr potensial olaraq “strateji” kimi tanına bilər və investor bu sahələrdən uzaqlaşa bilər.

O həmçinin vurğuladı ki, Azərbaycan beynəlxalq investisiya sazişlərinin iştirakçısıdır və mübahisələr beynəlxalq arbitrajda baxıla bilər. Əgər meyarlar qeyri-müəyyən olarsa, kompensasiya və prosedur məsələləri üzrə mübahisələrin artması ehtimalı yüksəlir.

Saleh Məmmədov investisiya vəziyyətinin hazırkı durumunu “narahatedici” adlandırdı. O, UNCTAD məlumatlarına istinad edərək 2023-cü ildə ölkəyə daxil olan birbaşa xarici investisiyaların təxminən 253 milyon dollar olduğunu, investisiya çıxışının isə 1,8 milyard dolları keçdiyini qeyd etdi.

Professor bildirdi ki, xalis daxilolmanın ÜDM-ə nisbəti 2023–2024-cü illərdə təxminən 0,3% təşkil edib ki, bu da inkişaf edən iqtisadiyyatlar üçün çox aşağı göstəricidir.

Onun sözlərinə görə, əsas kapitala investisiyaların ÜDM-də payı hazırda təxminən 16% səviyyəsindədir və bu, iqtisadi artım üçün yetərli deyil. S.Məmmədov xatırlatdı ki, 2004–2007-ci illərdə investisiyaların ÜDM-də payı 50–59%-ə çatmışdı və həmin dövrdə Azərbaycan yüksək artım templəri nümayiş etdirirdi. O əlavə etdi ki, yeni yaradılan iş yerlərinin sayı da azalıb: bir neçə il əvvəl 192 min olan göstərici hazırda 102 minə düşüb.

“Belə fonda hüquqi qeyri-müəyyənlik yaradan hər hansı dəyişiklik investor əhval-ruhiyyəsini daha da zəiflədə bilər”, – deyə professor bildirdi.

Saleh Məmmədov qeyd etdib ki, söhbət strateji maraqların qorunmasından imtinadan getmir, məsələ hüquqi konstruksiyanın keyfiyyətindədir. O vurğulayıb ki, qanunda strateji investisiyaların dəqiq tərifi verilməli, konkret sektor siyahısı və faiz hədləri göstərilməlidir. “Milli maraqlara ziddiyyət” anlayışı isə milli təhlükəsizlik, kritik resursların təminatı, sanksiya riskləri kimi konkret meyarlarla dəqiqləşdirilməlidir.

Professor əlavə etdi ki, qərar qəbul edən orqan, müddətlər, sübut bazası və investora öz mövqeyini təqdim etmək və məhkəməyə müraciət etmək hüququ aydın göstərilməlidir. Dövlət əldə etməsi isə son çarə kimi nəzərdə tutulmalı, əvvəlcə daha yumşaq alətlər tətbiq olunmalıdır.

O həmçinin ədalətli bazar dəyərinin hesablanması metodikasının – müstəqil qiymətləndirmə, diskont dərəcələri, valyuta və ödəniş müddətləri – qanunda dəqiq əks olunmasının vacibliyini qeyd etdi.

Sonda professor vurğulayıb ki, əsas seçim dövlətin və ya investorun maraqları arasında deyil, tənzimləmənin keyfiyyəti arasındadır.

“İnvestisiya mühiti niyyətlərlə deyil, formulalalrla formalaşır. Qanunun dili nə qədər dəqiq və proqnozlaşdırıla bilən olarsa, mexanizm qoruyucu alət kimi qəbul edilər. Əks halda isə əlavə risk kimi qiymətləndirilər”, – deyə Saleh Məmmədov bildirib.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
azpolitika.info

1Источники