ain.az, Azertag portalına istinadən məlumat verir.
Tbilisi, 28 fevral, AZƏRTAC
Gürcüstanda dünəndən başlayan güclü yağışlar və qar paytaxt Tbilisidə fəsadlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, barədə Tbilisi Şəhər Meriyası məlumat yayıb.
Belə ki, şəhərin infrastrukturuna ciddi ziyan dəyib. Bir neçə yerdə elektrik ötürücü qüllələr uçub. Xüsusilə də güclü və sulu qar səbəbindən ağacların aşması və ya budaqlarının qırılması səbəbindən son 24 saat ərzində elektrik xətlərinə, açıq hava işıqlandırma dirəklərinə, avtomobillərə xeyli zərər dəyib. Müxtəlif ünvanlarda internet kabelləri sıradan çıxıb.
Güclü qar beynəlxalq və ölkə daxili avtomobil yollarında da problemlər yaradıb.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində uçqun təhlükəsi yüksəkdir, buna görə də sözügedən hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.
Uçqun təhlükəsi, güclü qar yağışı, zəif görünürlük və çovğun səbəbindən Batumi-Axaltsixe yolunun Qoderdzi-Utkisubani kurort hissəsində də bütün növ motorlu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.