RU

Bakının mərkəzində yanğın təlimi: Süni maneələr xilasetmə işlərini çətinləşdirir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 28 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən Fəvvarələr meydanında və həmin əraziyə bitişik bəzi küçələrdə təlim keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlim Səbail rayonunun Rəzul Rza, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov, Əbdülkərim Əlizadə və Yusif Məmmədəliyev küçələrindən keçərək Fəvvarələr meydanına doğru hərəkət edən xüsusi texnikanın “şərti yanğın” həyəcan siqnalı ilə “yanğın yeri”nə yaxınlaşa bilməsi və ümumilikdə ərazidə yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız şəkildə park edilməsi və digər süni maneələr səbəbindən irihəcmli yanğın avtomobillərinin “yanğın yerinə” sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub.

Qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti orqanlara müraciət edilib, avtomobillərin parklanmasına məsul şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Bir daha vurğulanıb ki, yanğın zamanı irihəcmli yanğın avtomobilləri və digər xüsusi təyinatlı texnikaların fəaliyyətinə maneə törətdiyindən dayanacaq üçün təyin olunmamış yerlərdə avtomobillərin park edilməsi, yanğın keçidlərində və yollarda süni maneələrin quraşdırılması yolverilməzdir. Belə hallar yanğınsöndürmə və xilasetmə işlərinin çevik aparılmasını mümkünsüz edir və faciəyə səbəb ola bilər.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların hadisə yerinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi üçün vətəndaşlardan avtomobillərini yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin edilməklə park olunmasını, yanğın keçidlərində və yollarda süni maneələrin quraşdırılmamasını xahiş edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
6
azertag.az

8Источники