RU

Ukrayna-Rusiya danışıqları – İddialar və proqnozlar

Kiyev, 28 fevral, AZƏRTAC

Rusiya, rəsmi Kiyevin xüsusən də Donetsk bölgəsində ərazi güzəştlərinə razılaşmadığı təqdirdə Ukrayna ilə danışıqları dayandırmağı planlaşdırır. Martın 4-5-də keçirilməsi planlaşdırılan danışıqların növbəti mərhələsi sülh müqaviləsinin imzalanması üçün həlledici ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Bloombergin məqaləsində qeyd edilir.

Kremlinə yaxın mənbələrin məlumatına görə, Ukrayna qoşunlarını bütün Donetsk bölgəsindən çıxarmağa razı olarsa, Rusiya sülh memorandumunun layihəsini imzalamağa hazırdır. Razılıq əldə olunacağı təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında razılaşmanı təsdiqləmək və qüvvələrin qarşılıqlı şəkildə geri çəkilməsinə başlamaq üçün sammit planlaşdırılır.

Həmçinin, Rusiya öz qoşunlarını Sumı, Xarkov və Dnepropetrovsk bölgələrindən çıxarmağa, eləcə də Ukraynanın nəzarətində olan Xerson və Zaporojye bölgələrinə olan iddialarından imtina etməyə hazır olduğunu bildirir. Eyni zamanda, Moskva işğal olunmuş ərazilərdə Milli Qvardiyasının mövcudluğunda israr edir, ABŞ isə orada Ukrayna bayrağı altında azad iqtisadi zona yaratmağı təklif edir.

Prezident Volodimir Zelenski qeyd edir ki, Donetsk bölgəsinin möhkəmləndirilmiş əraziləri müdafiə üçün çox vacibdir və Kiyev ərazilərin qanunsuz işğalını tanımır. Ukrayna mövcud cəbhə xətti boyunca atəşkəs və ərazilərin yalnız diplomatik yolla, ABŞ və Avropanın ciddi təhlükəsizlik zəmanətləri şərtilə qaytarılmasını təklif edir.

Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələ danışıqlarda ayrı müzakirə mövzusudur. Rusiya elektrik enerjisi istehsalını üç tərəf (Rusiya, ABŞ və Ukrayna) arasında bölüşdürməyi təklif edir, Kiyev isə ABŞ ilə 50/50 nisbətində bölünmədə israr edir.

Alyaska sammitindən sonra ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffun əvvəllər qeyd etdiyi kimi, Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi ehtimalı da müzakirə olunur.

Kiyev və Vaşinqton arasında danışıqlar prosesi ətrafında Donald Trampın son tarixlə bağlı iddialı çıxışı diplomatik intriqa yaradıb.

Volodimir Zelenski ilə telefon danışığı zamanı Amerika lideri müharibəni cəmi bir ay ərzində bitirmək istəyini açıq şəkildə ifadə edib. Ağ Ev iyulda qeyd olunan ABŞ müstəqilliyinin 250 illiyindən əvvəl sülh müqaviləsi bağlamağı hədəfləyir.

Lakin Vaşinqtonun təzyiqinə baxmayaraq, Zelenski proqnozlarında ehtiyatlıdır. Sənədlərin hazırlanma vəziyyətini qiymətləndirən Ukrayna Prezidenti işlərin davam etdiyini, lakin yekun nəticə üçün hələ də əhəmiyyətli irəliləyişin olmadığını bildirib.

 
Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
17
1
azertag.az

2Источники