İran–ABŞ–İsrail xəttində hərbi qarşıdurmanın başlaması təkcə siyasi və təhlükəsizlik müstəvisində deyil, iqtisadi sahədə də ciddi dalğalanmalar yaradır. Regionda hərbi risklərin artması ilk növbədə enerji bazarlarına, logistika xətlərinə və investor davranışlarına təsir göstərir. Xüsusilə İranın neft ixracatçısı ölkə olması və Hörmüz boğazının qlobal enerji tədarükündə strateji mövqeyi fonunda hərbi eskalasiya dünya bazarlarında qiymət artımı təzyiqini gücləndirir. Bu isə idxaldan asılı ölkələrdə, o cümlədən Azərbaycanda inflyasiya gözləntilərini artırır.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov bildirib ki, müharibə xəbərləri bazarlarda ilk növbədə psixoloji effekt yaradır və qiymətlərin artımı çox zaman real çatışmazlıqdan əvvəl baş verir.
“Əgər qarşıdurma uzunmüddətli xarakter alarsa, enerji daşıyıcılarının qiymətində artım qaçılmaz olacaq və bu da daşınma xərclərini yüksəldəcək. Nəticədə ərzaq və istehlak mallarının maya dəyəri artacaq”.
Ekspert qeyd edir ki, Azərbaycan bazarında İran mənşəli məhsullar – xüsusilə meyvə-tərəvəz, tikinti materialları, məişət malları və bəzi sənaye xammalları – əhəmiyyətli paya malikdir:
“Sərhəd-keçid məntəqələrində məhdudiyyətlər və ya logistika problemləri yaranarsa, bu məhsulların qiymətində artım müşahidə oluna bilər.
Qiymət artımı iki istiqamətdə formalaşa bilər:
birincisi, tədarükün azalması səbəbindən real bahalaşma;
ikincisi isə bazarda süni qiymət artımı cəhdləri.
Belə dövrlərdə dövlətin antiinhisar və nəzarət mexanizmlərinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Əgər tədarük zənciri tam dayanmasa, kəskin və uzunmüddətli defisit ehtimalı yüksək deyil, lakin qısamüddətli qiymət sıçrayışları mümkündür”.
Ekspert həmçinin diqqətə çatdırıb ki, qızıl bazarında artıq artımın müşahidə olunması təəccüblü deyil:
“Hərbi və geosiyasi risklər fonunda investorlar ənənəvi olaraq “təhlükəsiz liman” hesab edilən aktivlərə, xüsusilə qızıla yönəlirlər. Bu isə qlobal qızıl qiymətlərini yüksəldir və yerli bazarda da qiymət artımı ilə nəticələnir.
Əgər müharibə riski uzun müddət davam edərsə, qızılın qiymətində əlavə artım potensialı qalacaq.
Azərbaycan iqtisadiyyatı enerji ixracatçısı olduğu üçün neft qiymətlərinin artımından müəyyən qədər gəlir əldə edə bilər. Lakin paralel olaraq idxal olunan məhsulların bahalaşması inflyasiya təzyiqini gücləndirə bilər. Buna görə də balanslı makroiqtisadi siyasət və bazar nəzarəti əsas rol oynayacaq.
Ümumilikdə, genişmiqyaslı və uzunmüddətli müharibə ssenarisi reallaşarsa, regionda bahalaşma qaçılmaz olacaq, lakin qarşıdurma məhdud çərçivədə qalarsa, qiymət artımı daha çox qısamüddətli psixoloji dalğa xarakteri daşıya bilər”.
Tunar
NOCOMMENT.az