RU

Uşaqlar təhlükədə, qurum susur: Bahar Muradova haradadır?

Cəmiyyətdə baş verən ağır və həssas hadisələr bir daha göstərir ki, vəzifə yalnız titul deyil, məsuliyyətdir. Xüsusilə də söhbət ailə, qadın və uşaq hüquqlarından gedirsə.

Qubada məktəbdə azyaşlıya qarşı uyğunsuz hərəkətlər iddiası yayılır. Sumqayıtda yeniyetmə şagird faciəli şəkildə həyatını itirir. Cəmiyyət sarsılır, valideynlər təşviş keçirir, sosial şəbəkələrdə qəzəb dalğası qalxır. Amma bu hadisələrin fonunda əsas sual cavabsız qalır: Ailə, qadın və uşaq məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslər haradadır?

Bahar Muradova illərdir ki, ailə və uşaq siyasətinə rəhbərlik edən əsas fiqurlardan biridir. Bəs belə hallarda onun səsini, mövqeyini, real müdaxiləsini niyə görmürük? Qubadakı ailəyə baş çəkildimi? Sumqayıtdakı faciədən sonra ictimai açıqlama verildimi? Profilaktik mexanizmlər gücləndirildimi? Cəmiyyətə konkret fəaliyyət planı təqdim olundumu?

Əgər cavab “bəli”dirsə, niyə bu görünmür? Əgər “xeyr”dirsə, onda sual daha ağırdır: bu qurumun funksiyası nədən ibarətdir?

Uşaqlara qarşı zorakılıq, məktəbdaxili təhlükəsizlik, yeniyetmələrin psixoloji problemləri – bunlar konfrans mövzusu deyil. Bunlar real həyat dramıdır. Belə məqamlarda vəzifəli şəxs kabinetdə yox, hadisənin mərkəzində görünməlidir. Sakit, ümumi, bürokratik cümlələrlə yox, konkret addımlarla.

Cəmiyyət artıq formal bəyanatlardan yorulub. “Məsələ nəzarətə götürüldü” tipli standart açıqlamalar heç nəyi dəyişmir. Uşağın taleyi dəyişmir. Ailənin ağrısı azalmaz. Sistem islah olunmaz.

Əgər bir qurumun fəaliyyəti yalnız tədbir keçirmək, hesabat təqdim etmək və statistik rəqəmlər açıqlamaqdan ibarətdirsə, bu, sosial missiya deyil – administrativ mövcudluqdur.

Bu gün sual birbaşa ünvanlıdır: Ailə və uşaq təhlükəsizliyi ilə bağlı real mexanizm haradadır? Riskli məktəblərin monitorinqi varmı? Psixoloji dəstək proqramları işləyirmi? Erkən xəbərdarlıq sistemi qurulubmu? Yoxsa hər faciədən sonra bir neçə gün danışılıb, sonra unudulur?

Vəzifə daşımaq ictimai etimad daşımaq deməkdir. O etimad isə görünən işlə qazanılır. Əgər cəmiyyət belə ağır hadisələr zamanı rəhbər şəxslərin real mövqeyini və fəaliyyətini görmürsə, deməli, ciddi problem var.

Uşaq təhlükəsizliyi sahəsində passivlik bağışlanmır. Çünki söhbət gələcəkdən gedir. Və gələcək kağız üzərində deyil, real həyatda qorunmalıdır.

Əli Səfərli,
NOCOMMENT.az

Избранный
25
nocomment.az

1Источники