RU

Binaların cam balkon “epidemiyası” – Şəhər memarlığına müdaxilə sayılırmı?

Azərbaycanda istər yeni, istərsə də köhnə tikililərin əksəriyyətində balkonların şüşəbənd edildiyini görmək mümkündür. Demək olar ki, açıq balkonlu mənzil tapmaq çətindir. İnsanlarda sanki açıq balkona qarşı antipatiya var. Soruşulanda, külək, toz və yağışdan qorunmaq üçün edildiyi bildirlsə də, əslində çox vaxt əlavə istifadə sahəsi qazanmaq məqsədilə balkonlar bağlanır. 

Bu praktika geniş yayılmış olsa da, qanunvericilikdə qadağandır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və Şəhərsalma və Tikinti Məcəlləsinə görə, binanın fasadının, yəni ilkin memarlıq görünüşünün özbaşına dəyişdirilməsi qadağandır. Əgər bina layihə üzrə açıq balkonlu nəzərdə tutulubsa, sonradan onun plastik, taxta və ya alüminium çərçivəli şüşə ilə bağlanması, kənarlarına divar hörülməsi, fasad rənginin dəyişdirilməsinə icazə verilmir. 

Bəs paytaxtı və digər şəhərləri “bəzəyən” belə balkonlar niyə qadağalara boyun əyməyib?

Memar Fariz Bəkirov bunu Bizim.Media-ya belə açıqladı ki, böyük ehtimalla əvvəllər bu məsələyə nəzarət zəif olub, sakinlər balkonları icazəsiz şüşələsələr də, buna müdaxilə edilməyib. 

“Nəticədə şüşəbəndlər adi hal kimi qəbul olunub. “Qonşudan qalma dala” prinsipiylə hamı bir-birinə baxıb balkon bağlatdırıb. Həm də sıx yaşayış olan şəhərlərdə, sahəsi kiçik mənzillərdə insanlar hər kvadratmetrdən maksimum yararlanmağa çalışırlar. Digər tərəfdən də istilik itkisini azaltmaq, soyuqdan, külək sızan balkon qapısından qorunmaq üçün balkonları şüşəbənd etdirirdilər”. 

Amma günümüzdə əvvəlki plastikc şüşəbəndləri “cam balkon”lar əvəzləyib. Yəni çərçivəsiz, sürüşdürülüb kənara yığılan şüşəbənd sistemləri. Belə balkonlar fasad dəyişikliyi hesab olunmadığı və balkonun görüntüsünü pozmadığı üçün qoyula bilər. Çox vaxt yeni tikililərdə tikinti şirkəti tərəfindən standart kimi tətbiq olunur. Amma kənardan fərqli görünürsə, layihədə nəzərdə tutulmayıbsa o da eyni qaydada qadağan olunur. 

Şəfiqə Şəfa, Bizim.Media 
 

Избранный
1
2
bizim.media

3Источники