RU

İmtahandan kəsilən süpürgə, yaxud qazın "Nobel" mükafatı




Deyirlər, "Azəriqaz"da böyük bir elmi canlanma yaşanır. Elə bilərsən, idarənin dəhlizlərində qaz sızmasını yoxlamağa yox, CERN laboratoriyasına zərrəcik sürətləndirməyə kadr seçirlər. Şirkət 80 nəfər xadiməni sıraya düzüb imtahan edib. Bəli, yanlış eşitmədiniz: ömrü toz-torpaq içində keçən, əli süpürgəli, vedrəli o zəhmətkeş qadınları "bilik yoxlamasına" çəkiblər. Nəticə? Tam 80 nəfər "kəsilib".

Görəsən, suallar necə olub? Ehtimal ki, "Vedrə Elmləri Akademiyası"nın qəbul proqramı təxminən belə imiş:
• Süpürgənin tərkibi: Onun neçə faizi təbii samandan, neçə faizi polimerdən ibarətdir?
• Hidrodinamika: Döşəmə silən əskinin kvadratmetrə düşən su udma qabiliyyəti Arximed qanunu ilə necə tərs mütənasiblik təşkil edir?
• Termodinamika: Silinən suyun temperaturu 18°C-dən aşağı olarsa, idarə rəhbərliyinin əhvalının termodinamik göstəricisi necə dəyişər?
• Kvant trayektoriyası: Süpürgənin sapa bağlanma bucağı ilə tozun müqavimət qüvvəsi arasındakı asılılıq qrafikini çəkin.
• Psixoloji test: Dəhlizdə qaz iyi gələndə pəncərəni açmaq lazımdır, yoxsa "bizdə sızma olmur" deyib şükür eləmək?
• Korporativ etika: Şüşədəki ləkəni "Fayr"la silmək mütləqdir, ya müdirin üzünə baxıb "maşallah, nur tökülür" demək kifayətdir?

İndi bu 80 nəfər əli qabarlı qadın yığışıb gedib Ombudsmanın qapısına. Şikayət edirlər ki, illərdir bu idarənin zibilini təmizlədikləri halda, indi "imtahan" adlı qəfəsə salınıb çörəksiz qoyulurlar. Amma bizim məmurların məntiqi başqadır: süpürgəçi gərək kvant fizikasını bilsin ki, sabah bir xarici qonaq "bu küncdəki cazibə qüvvəsi nə qədərdir?" deyə soruşsa, idarənin imici sarsılmasın. Görünür, bu qadınlar "əskinin molekulyar strukturu" bəhsində zəiflik göstəriblər.



Məsələnin əsl tərəfi isə bəllidir: ştat ixtisarı lazımdır. Kimisə işdən çıxarmalıdırlar, amma bunu mədəni surətdə, "elm naminə" etmək istəyirlər. İmtahan bəhanə, çörək kəsmək isə şah əsəridir. 80 ailənin ocağının qazını elə "Azəriqaz"ın özü kəsir.

Amma gəl gör ki, bu "Azəriqaz"dakı uşaqlar da günahsızdırlar, onlar sadəcə Elm və Təhsil Nazirliyindən (ETN) nümunə götürüblər. Çünki məktəb xadimələrini imtahanla işə götürmək, onları mərkəzləşdirilmiş "test süzgəcindən" keçirmək ideyası məhz ordan gəlib. İndiki zəmanədə məktəbdə süpürgəçi olmaq üçün gərək ən azı "kurikulum"un fəlsəfəsini dərk edəsən. Şagirdlər sertifikasiyadan qaçır, müəllimlər sertifikasiyada tər tökür, indi də növbə gəlib süpürgəçilərə çatıb. Bizim təhsil rəhbərləri məktəblərdə "imtahanla xadimə" modelini artıq elə tətbiq ediblər ki, adamın lap qol götürüb oynamağı gəlir. İndiki zəmanədə məktəbdə süpürgəçi olmaq üçün gərək ən azı üç dildə biləsən: rəhbərliyi tərifləmək üçün Azərbaycan dili, valideynlərlə dil tapmaq üçün rus dili və ixtisardan sağ çıxmaq üçün "imtahan dili".


Buradan ETN-ə bir tövsiyəmiz var: siz ki artıq məktəb təmizləyənləri belə testdən keçirirsiniz, gəlin işi tamamlayaq və süpürgəçilər üçün "Məişət sertifikasiyası" təşkil edin. Sualları da elə qoyun ki, bütün xadimələr o imtahandan kəsilsin. Məsələn, "Məktəb fondu üçün yığılan pulu süpürgə ilə necə bir küncə yığmaq olar?" tipli suallar lap yerinə düşərdi.
Amma insaf naminə, direktorlar üçün də bir-iki sual əlavə edək:
1. Məktəb fondu üçün yığılan pulları hansı sürətlə süpürüb bir küncə yığmaq lazımdır ki, müfəttiş gələndə toz dumanı hələ yatmamış olsun?
2. Xadimə "Direktor otağına qızıl rəngli divar kağızı şərtdir" fikri ilə razılaşmırsa, bu, onun "mənəvi-psixoloji hazırlığı"nın aşağı olmasından xəbər verirmi?
3. Məktəb bufetinin qoxusu ilə xlor iyini necə sintez etməli ki, valideyn içəri girəndə özünü təhsil ocağında yox, sanatoriyada hiss eləsin?


Əgər "Azəriqaz" bu yolu tutubsa, sabah "Azərişıq" elektrodinamika, "Azərisu" isə hidravlika imtahanı götürəcək. Beləliklə, ölkədə əlində vedrə olan hər kəs ya akademik olacaq, ya da işsiz. Çünki bizdə təmizliyin özünə yox, təmizliyi edənin "test yaddaşına" önəm verilir. O qadınlar isə hələ də ümid edirlər ki, kimsə onlara "Sizə imtahan yox, insaf lazımdır" deyəcək. Amma təcrübə göstərir ki, bizdə imtahandan kəsilənlər həmişə süpürgəçilər olur, "balıq başdan qoxur" deyənlər isə o test otaqlarına heç vaxt yaxın düşmürlər.



Şəmsi Qoca




Избранный
71
aia.az

1Источники