RU

“Gənclərin gözündə Şəki memarlığı” hakatonunun qalibləri müəyyənləşib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şəki, 27 fevral, AZƏRTAC

Fevralın 27-də Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin dəstəyi ilə “Gənclərin gözündə Şəki memarlığı” adlı iki mərhələdən ibarət hakaton təşkil olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Hakatonun açılış mərhələsində qeyd olunub ki, layihənin əsas məqsədi gənclərin baxışında Şəki memarlığını öyrənmək, mövcud tarixi-memarlıq irsini qiymətləndirmək və şəhərin gələcəyinə dair yeni ideyaların formalaşmasına şərait yaratmaqdır. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması bu istiqamətdə keçirilən tədbirlərin aktuallığını daha da artırır.

Hakatonda 5 komanda iştirak edib. Komandaların tərkibində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının və Şəki Dövlət Regional Kollecinin tələbələri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəni-maarif müəssisələrinin əməkdaşları, həmçinin Şəki “ASAN xidmət” mərkəzinin təcrübəçiləri yer alıblar.

Final mərhələsində komandalar münsiflər heyətinin və tamaşaçıların qarşısında hazırladıqları layihələri təqdim ediblər. Layihələrdə Şəkinin memarlıq irsinin qorunması ilə yanaşı, müasir yanaşmalar və yaradıcı ideyalar da öz əksini tapıb.

Münsiflər heyəti təqdimatları yaradıcılıq bacarığı, ideyanın orijinallığı və yenilik səviyyəsi, mövzuya fərqli yanaşma, təqdimatın aydın və məntiqli qurulması, rəqəmsal alətlərdən və vizual vasitələrdən səmərəli istifadə, dizayn və memarlıq bilikləri, milli üslubun düzgün əks etdirilməsi, komanda işi və məzmun uyğunluğu kimi meyarlar üzrə qiymətləndirib.

Yekun nəticələrə əsasən, Şəki Dövlət Regional Kollecinin tələbələrindən ibarət “Şəki vurğunları” komandası hakatonun qalibi olub. Mədəniyyət müəssisələrinin əməkdaşlarından ibarət “Mədəni irs” və ADPU Şəki filialının tələbələrindən ibarət “Retro-futura” komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Qalib komandalar fəxri fərmanlarla təltif olunub, digər komandaların üzvlərinə isə təşəkkürnamələr təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
azertag.az

1Источники