Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 2 mart, AZƏRTAC
... O il qış Qarabağ dağlarına çox sərt gəlmişdi. Qaraqayadan əsən sazaqlı külək iliyə işləyirdi, Kətik meşəsi ağappaq qara bürünmüşdü. Qarqar çayı həmişəkindən daha sulu axırdı. Fevralın axırlarında havanın şaxtasına baxmayaraq, Xocalıda yenə də badam ağacları çiçək açmağa başlamışdı. Həyətlərdə, yolların kənarında, yamaclarda təzəcə puçurlayan çiçəklər gözə dəyirdi.
Badam yazın müjdəçisi sayılan çiçəklərdəndir. Həm də badamın yarpaqları çıxmamış çiçəkləri açmağa başlayır. Beş ləçəkdən ibarət ağappaq çiçəklər...
Ancaq o il badam çiçəkləyə bilmədi. Çiçəklər avtomat səsindən, mərmi harayından diksindi. Yer-göy lərzəyə gəldi. Evlər, binalar, şəhər od tutub yanırdı. Hamı doğma ev-eşiyindən baş götürüb qaçdı. Laylalar yarımçıq qaldı, beşik yırğalanmadı, nəğmələr səslənmədi, dodaqlarda gülüş dondu. Ana harayı, körpə qışqırtısı, qoca iniltisi hər yeri başına götürmüşdü. Sakinlər əsir, titrəyir, onların üstünə yeriyən ölümün pəncəsindən qaçmağa, xilas olmağa çalışırdılar. Həmin il Xocalıda açan badam çiçəklərinin ləçəkləri qarın yox, qan izlərinin üstünə töküldü. Təbiət, dağ-daş, yer-göy qan ağladı...
O vaxtdan sonra Xocalıda badam çiçək açmadı. O vaxtdan sonra Xocalıya yaz gəlmədi, ağaclar puçurlamadı, meşələr yarpaqlamadı. Elə bil yaz bu yerlərdən birdəfəlik küsüb getmişdi...
Badam bir də otuz ildən sonra bu torpağa qayıtdı, yaz bir də uzun ayrılıqdan sonra bu yerlərə döndü, təbiət bir də təzədən yaşıl don geydi. Xocalı yenidən doğma sakinlərin nəfəsinə qovuşdu. Yaz gələndə Qarabağın küləyi badam çiçəklərinin ətrini dağlardan aşırır, dərələrdən keçirir. O ətirdə kədər də, nisgil də, göynərti də var, qürur, inam, ümid də. Bu torpağın sinəsində şəhid qanı, havasında son dəfə ciyərlərinə çəkib havaya verdiyi şəhid nəfəsi var. Bu torpağın köksündə şəhidin sonuncu dəfə ayaq basıb keçdiyi izlər var. Bəlkə də ona görə Qaraqayanın sinəsində, Kətik meşəsində açan badam çiçəkləri ağappaq işıq saçır. Bu işıq qaranlıqdan sonra açılan səhər, ağrıdan sonra doğulan ümid, xəstəlikdən sonra yaranan sağlamlıq kimidir. Badam çiçəkləri hər tərəfə ağappaq don biçib, zəfər işığı çiləyib. Hər tərəf bu işığın altında gözəl və yaraşıqlı görünür.
Yenidən Xocalıda açan badam çiçəkləri ədalətin qayıdışı, yaddaşın bərpasıdır. Badam çiçəkləri sərt qışdan sonra yazın müjdəsini verən ümid, ömür-gün yollarına səpilən inam işığı, yaddaşımızı yaşadan xatirədir...
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.