RU

Yaddaşın yenilməz qalası, birliyin rəmzidir ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tarixi abidələr həmişə bizləri dayanmağa və düşünməyə məcbur edir. İnsanları baş verənləri anlamağa, bir anlıq özünü o hadisələrin içində hiss etməyə çağırır. Burada tarix, kitab səhifəsi olmaqdan çıxaraq, canlı bir yaddaşa çevrilir. Eyni zamanda bu məkanlar cəmiyyət üçün mənəvi dayaq rolunu oynayır. Xalqın gücü isə yalnız bu gününü deyil, keçmişini necə xatırlamasında gizlidir. Bu yaddaş insanları bir-birinə yaxınlaşdırır, “mən” anlayışını “biz” anlayışına çevirir. Bir hadisə hamı üçün eyni mənanı daşıyanda milli kimliyin bir hissəsinə çevrilir. Nəticədə milli birlik təkcə sözdə ifadə olunmayıb, dəyər olaraq formalaşır. Tarix yaddaşda qaldıqca, gələcək daha şüurlu qurulur. Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı, onun sadəcə bir abidə deyil, həm tarixi yaddaşın, həm də milli gücün rəmzi kimi təqdim olunması ilə yadda qaldı. Belə bir abidənin Xocalı şəhərində ucaldılması xüsusi məna daşıyır. Memorial Kompleks sadəcə bir memarlıq nümunəsi deyil, xalqın iradəsinin, inamının göstəricisi kimi dəyərləndirilir. Çünki bu məkan həm keçmişin şahididir, həm də gələcəyin ünvanıdır. Ucaldılan hər daş, həkk olunan hər yazı bir həqiqəti, yaşanmış tarixi təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimindəki çıxışının əsas xətti Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz, əbədi iz buraxması üzərində qurulmuşdur. Bu çıxışda Xocalı hadisəsi sadəcə tarix kitablarında yer alan bir fakt kimi deyil, xalqın taleyinə yazılmış ağır, lakin unudulmaz bir həqiqət kimi təqdim olunur. Ölkə başçısının qeyd etdiyi məqamlarda açıq şəkildə bildirilir ki, faciənin xatırlanması təkcə kədərin yaşadılması məqsədi daşımır, eyni zamanda bu xatirə milli şüurun formalaşmasında mühüm rol oynayır. Çünki bir xalq öz ağrılarını unutduqda zəifləyir, onları yaşatdıqda isə daha da möhkəmlənir.

Xocalı Soyqırımı Memorial Kompleksinin əsası iki il əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuşdur. 26 fevral 2026-cı il Kompleksin açılış tarixi təsadüfi seçilməyib. Bu tarix, yaddaşın qorunmasını, həm də ədalətin bərpasını simvolizə edir. Açılış mərasimində ölkə başçısının nitqi Xocalı faciəsinin tanıdılması və ədalətin bərpası istiqamətində Azərbaycanın mövqeyini bir daha beynəlxalq ictimaiyyətə ünvanlanmışdı. Prezident cənab İlham Əliyev qeyd etdi ki, bu müqəddəs məkanda biz, 1992-ci il fevralın 26-da Xocalı şəhərində baş vermiş dəhşətli faciənin qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Xocalı Soyqırımı Memorial Kompleksi xalqımızın silinməz yaddaşının təcəssümü olacağını diqqətə çatdırdı. Həmçinin bildirdi ki, tarix unudulmamalıdır. Çıxışın mühüm məqamlarından biri də Xocalı faciəsinin milli birliyə təsiridir. Xalqımız həmişə ayıq olmalı, düşməndən qorxmamalıdır. Xocalı həqiqətləri gənc nəslə ötürülməlidir. Xocalı Soyqırımı xalqı sarsıtsa da, onu parçalaya bilmədi. Əksinə, xalqı daha sıx birləşdirdi. Xocalı yaddaşı mənəvi dayağa çevrilib Azərbaycan xalqının öz gücünə inamını möhkəmləndirdi. Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi gələcək nəsillərə ünvanlanan bir çağırışdır. Beləliklə, Xocalı Memorialı milli yaddaşın daşıyıcısı, dövlətçilik şüurunun və tarixi irsin möhkəmləndirildiyi müqəddəs məkan kimi təqdim olunur. Tarix göstərir ki, bir çox hallarda müharibələr eləcə də, əksər münaqişələr ya yarımçıq sülhlə nəticələnir ya da ərazi məsələləri tam həll olunmur. Bəzən siyasi kompromislər ədalətin tam bərpa edilməsinə imkan vermir. Bu baxımdan həm hərbi, həm siyasi, həm də hüquqi müstəvidə paralel və ardıcıl nəticə əldə etmək olduqca çətin prosesdir.

Azərbaycan nümunəsində isə xüsusilə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində işğal altında olan ərazilərin böyük hissəsi azad edildi. Ardınca 2023-cü ildə aparılmış lokal xarakterli antiterror tədbirləri ilə ölkənin suverenliyi tam bərpa olundu. Bu proses yalnız hərbi mərhələ ilə məhdudlaşmadı, eyni zamanda hüquqi müstəvidə davam etdi və uğur qazandı. Beləliklə, müasir tarixdə həm güclü ordunun, həm də dövlətçilik prinsipinin ifadəsi kimi öz təsdiqini tapdı. Bütün dünyaya səs salan 44 günlük Vətən müharibəsi göstərdi ki, münaqişələr yalnız döyüş meydanında deyil, həm də ədalət müstəvisində həll olunmalıdır. Xüsusilə Qarabağ bölgəsində törədilmiş cinayətlərlə bağlı məsul şəxslərin istintaqa cəlb olunması və məhkəmə qarşısına çıxarılması dövlət suverenliyinin hüquqi təsdiqi kimi qiymətləndirilir. Çünki ərazi bütövlüyünün bərpası həm də qanunun aliliyinin təmin olunması deməkdir. Xocalı Soyqırımı Memorialı təkcə keçmişin ağrılarını xatırladan bir memarlıq nümunəsi deyil, xalqın sınmayan iradəsinin, tarixi yaddaşı və milli həmrəyliyinin rəmzidir. Azərbaycan xalqı öz tarixini unutmur, ədalət uğrunda mübarizəsini davam etdirir və öz suverenliyini qorumaq əzmindədir. Beləliklə, tarixi irs qorunur, möhkəmlənir və nəsildən-nəslə ötürülərək milli kimliyin ayrılmaz hissəsinə çevrilir.

Məhsəti Məmmədova

YAP Yasamal rayon “H.B.Zərdabi pr.59” (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
sesqazeti.az

1Источники