RU

ABAD çı Fatimə Hüseynova: Hər gəlincikdə ruhumun bir parçası var FOTO

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Şamaxı, 2 mart, Rəşad Türkoğlu, AZƏRTAC

Şamaxı rayon sakini, 37 yaşlı Fatimə Hüseynova bir neçə ildir ki, sevdiyi sənət növü ilə məşğul olaraq, həm asudə vaxtını səmərəli keçirir, həm də ailəsinin maddi rifahına töhfə verir. Fatimə xanım regionlarda özünüməşğulluq fəaliyyəti ilə uğur qazanan zəhmətkeş qadınlardan biridir.

AZƏRTAC-ın bölgə müxbiri Şamaxıda fəaliyyət göstərən istedadlı ABAD-çı (Ailə Biznesinə Asan Dəstək) sənətkarla həmsöhbət olub, onun əl işləri və yaradıcılıq yolu barədə reportaj hazırlayıb.

Üç övlad anası olan Fatimə Hüseynova bu gün Şamaxının tanınmış sənətkarlarından biridir. Onun rəngbərəng parçalardan, muncuqlardan və saplardan toxuduğu gəlinciklər sadəcə oyuncaq deyil, həm də uşaqlıq xatirələrinin canlanmış formasıdır. Fatimə xanımı bu sənətə gətirən yol illər öncədən — dərzi olan anasının əl işlərinə baxaraq öyrənməklə başlayıb.

Uşaqlıq illərində anasının əl işlərindən artıq qalan rəngli parça kəsikləri balaca Fatimə üçün ən dəyərli “xəzinə” idi. O, həmin parçalardan gəlinciklərinə paltar tikə-tikə həm əl qabiliyyətini, həm də bədii zövqünü inkişaf etdirib. Onun sözlərinə görə, kukla hazırlamaq sadəcə bir məşğuliyyət deyil, qəlbində kök salmış sevginin illər sonra peşəkar sənətə çevrilməsidir.

İllər sonra ailəsinə maddi dəstək olmaq istəyi onu yenidən bu sənətə qaytarıb. İlk vaxtlar ev şəraitində məhdud imkanlarla kiçik kuklalar tikməyə başlayan sənətkarın ən böyük stimulu isə həyat yoldaşının ona göstərdiyi mənəvi dəstək olub.

Fatimə xanım hesab edir ki, bu iş yalnız keyfiyyətli əl işi ilə bitmir. "Müasir uşaqların zövqünü oxşamaq üçün onların maraq dairəsini bilmək şərtdir", - deyən sənətkar, hazırladığı personajlarda həm milli ornamentləri, həm də müasir üslubu birləşdirir. Onun hazırladığı kuklalar fabrik məhsullarından köklü şəkildə fərqlənir, hər biri səbrin, incə zəhmətin və fərdi yanaşmanın məhsuludur. Xüsusilə milli geyimli kuklalar həm yerli sakinlər, həm də turistlər tərəfindən bənzərsiz bir suvenir kimi böyük maraqla qarşılanır.

"Kukla tikmək sadə iş deyil, bu, həm də rəssamlıq və düzgün rəng seçimi tələb edən yaradıcılıqdır. Bəzən bir gəlincik üzərində günlərlə işləyirəm, ona o qədər bağlanıram ki, satmağa belə qıymıram. Çünki hər birində ruhumun bir parçası var", - deyə müsahibimiz bildirir.

Fatimə Hüseynovanın sənət yolunda əsl dönüş nöqtəsi Şamaxı Yaradıcılıq Mərkəzi ilə tanışlıq olub. Mərkəzdə qazandığı təcrübə və peşəkar ustalarla ünsiyyət onun işinə yeni nəfəs gətirib. Fəaliyyətinin brendləşməsi və geniş satış imkanları qazanmasında "ABAD" platformasının rolu əvəzsizdir.

Əvvəllər əl işlərini yalnız sosial şəbəkələr vasitəsilə satmağa çalışan sənətkar üçün ABAD yeni qapılar açıb. Bu platforma ona məhsullarını geniş bazara çıxarmaq, brendini tanıtmaq və sabit gəlir əldə etmək imkanı yaradıb. Bu gün onun əl işləri daha çox alıcıya çatır, zəhmətinin qarşılığı isə layiqincə qiymətləndirilir.

Fatimə xanım üçün kukla tikmək həm ailə büdcəsinə ciddi dəstək, həm də onu mənən qidalandıran bir peşədir. Şamaxının sakit bir guşəsində yaranan bu rəngarəng oyuncaqlar bir həqiqəti sübut edir, insan sevdiyi işlə məşğul olanda və əl əməyinə dəyər veriləndə uğur da onunla olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
azertag.az

1Источники