Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunda tanınmış mütəxəssislərin iştirakı xüsusi vurğulanıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov forumun açılış mərasimində çıxışı zamanı danışıb.
Nazir forumun ölkə məşqçiləri üçün olduqca vacib platforma olduğunu bildirib:
“Forumda kifayət qədər tanınmış mütəxəssislərin iştirak etməsi sevindiricidir. Mütəxəssislərimizin işi həqiqətən çox məsuliyyətli və çətindir. Onlar yalnız çətinliklərlə deyil, eyni zamanda müxtəlif insani amillərlə də qarşılaşırlar. Bütün bunlar isə böyük enerji və səbir tələb edir. Bu, doğrudan da asan olmayan bir sahədir. Mən bir daha hər birinizə bu məsuliyyətli və zəhmətli işə görə təşəkkür edirəm”.
F.Qayıbov qeyd edib ki, müasir dövrdə tələblər dəyişib və bəzi sahələrdə müəyyən geriləmələr müşahidə olunur:
“Buna görə də idmançı ilə məşqçi arasında münasibətlər bu günün şərtlərinə uyğun, daha sağlam şəkildə qurulmalıdır. Bununla yanaşı, diqqət yetirilməli olan digər məsələlərə də bu forumda toxunulacaq”.