RU

Neftin qiyməti kəskin dəyişəcək?

Hazırda regionda davam edən münaqişələr və artan hərbi-siyasi gərginliklər qlobal enerji bazarlarına da təsirsiz ötüşmür. Bu proseslər fonunda dünya neft bazarında müşahidə olunan dəyişikliklər diqqət çəkir. Bəs indiki vəziyyətdə baş verən hadisələr dünyada və eləcə də Azərbaycanda neftin qiymətinə necə təsir göstərəcək? Hazırda bazarda qiymət artımı nə qədərdir və bunun əsas səbəbləri hansılardır?İqtisadçı Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında bildirib ki, regionda baş verən hadisələrin Azərbaycan iqtisadiyyatına təsiri proseslərin davametmə müddətindən asılı olacaq. Onun sözlərinə görə, əgər gərginlik qısamüddətli xarakter daşıyarsa, ciddi iqtisadi təsirlərin yaranacağı gözlənilmir. Lakin həm qısa, həm də uzunmüddətli perspektivdən yanaşdıqda, ümumi kontekstdə mənfi təsirlərin daha üstün olacağı ehtimal edilir. Bununla yanaşı, müəyyən müsbət təsirlər də mümkündür:“Müsbət tərəflər əsasən neftin və digər enerji daşıyıcılarının qiymətində artımla bağlıdır. Enerji qiymətlərinin yüksəlməsi qaçılmaz olarsa, Azərbaycan enerji ixracatçısı ölkə kimi bu vəziyyətdən müəyyən iqtisadi dividendlər əldə edə bilər. Digər tərəfdən, enerji qiymətlərinin artması qlobal inflyasiyanın sürətlənməsinə səbəb olur. Azərbaycan idxaldan əhəmiyyətli dərəcədə asılı ölkə olduğuna görə, idxal məhsullarının qiymətində artım baş verə bilər ki, bu da arzuolunan hal deyil. Xüsusilə hərbi və siyasi baxımdan gərginlik uzunmüddətli xarakter alarsa, mənfi təsirlərin daha qabarıq olacağı istisna edilmir”. E.Əmirov ehtimal edir ki, proses maksimum bir ay, minimum isə bir həftə davam edə bilər, yəni bir–dörd həftə aralığında yekunlaşması mümkündür. Bu müddət çərçivəsində Azərbaycanın ciddi iqtisadi zərbə ilə üzləşəcəyi gözlənilmir.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
88
metbuat.az

1Источники