Bakı, 2 mart, AZƏRTAC
1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının milli özünüdərk tarixində fundamental mərhələlərdən biri kimi dəyərləndirilir. Qurultayda səsləndirilmiş ideyalar türk xalqlarının dil birliyinin təmin olunması, mədəni inteqrasiyanın gücləndirilməsi və mənəvi həmrəyliyin bərpasına yönəlib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Atatürk Kültür, Dil, Tarix Yüksək Qurumunun prezidenti professor Dərya Örs deyib.
Professor Türk dünyası tarixində silinməz iz qoymuş Qurultayda sovet məkanında yaşayan türk xalqlarının nümayəndələri ilə yanaşı, xarici ölkələrdən gələn alimlər də daxil olmaqla ümumilikdə 131 nəfərin iştirak etdiyini vurğulayıb: “Doqquz gün davam edən toplantıda türklər arasında ilk dəfə ortaq milli kimlik anlayışı, əlifba və orfoqrafiya məsələləri sistemli şəkildə müzakirə olunub. Qurultayın əsas gündəm mövzularından biri yeni əlifbaya keçid, xüsusilə latın qrafikalı ortaq türk əlifbasının qəbul edilməsi məsələsi olub. Bu ideyanın praktik nəticəsi kimi 1928-ci il noyabrın 3-də Türkiyə ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçib”.
Türkiyəli professor qeyd edib ki, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 34 hərfdən ibarət latın qrafikalı ortaq türk əlifbası qəbul edilib: “Bu addım əslində Birinci Türkoloji Qurultayda irəli sürülmüş ideyaların müasir dövrdə reallaşmasının göstəricisidir. 100 il sonra Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi məkanda - Bakıda dünyanın müxtəlif ölkələrindən türk xalqlarının nümayəndələrinin və türkoloqların bir araya gəlməsi xüsusi rəmzi məna daşıyır. Türk dövlətləri bundan sonra da gələcək yol xəritəsini birlikdə müəyyən edəcək və bu istiqamətdə inamla irəliləməyə davam edəcək”, - deyə professor Dərya Örs bildirib.