RU

“Namiq Dəlidağlı - Sözdə görünən adam” adlı kitab oxuculara təqdim edildi - FOTO

Süleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə tanınmış şair-jurnalist Namiq Dəlidağlının 55 illik yubileyi və yeni nəşr olunan “Namiq Dəlidağlı – Sözdə görünən adam” kitabının təqdimatı keçirildi. Sözə, qələmə və mənəvi dəyərlərə sədaqətin ifadəsinə çevrilən görüş ziyalılar, ictimaiyyət nümayəndələri, şairin yaxınları və dostlarının iştirakı ilə səmimi və duyğulu ədəbi mühitdə gerçəkləşdi.
 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Azərbaycan Jurnalistlər Birliyi Şərqi Zəngəzur Regional Təşkilatının və Süleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyinin sədri Qafqaz Əvəzoğlu açaraq yubilyarın ədəbi və publisistik fəaliyyət yoluna nəzər saldı. O qeyd etdi ki, Namiq Dəlidağlı uzun illərdir sözün məsuliyyətini daşıyan, poeziyada və jurnalistikada özünəməxsus dəst-xətti ilə seçilən qələm adamıdır.

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist Rafiq Oday tədbirə aparıcılıq etdi. O, yubilyarın mətbuat sahəsində uzun müddət vicdanla çalışdığından söz açdı, onun yaradıcılığından geniş bəhs etdi, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova təşəkkürünü bildirdi və Namiq Dəlidağlının həmkarları arasında qazandığı nüfuzdan, uğurlarından danışdı.

Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Ofelya Babayeva yubilyarın insani keyfiyyətlərini vurğulayaraq onun sadəliyini, zəhmətkeşliyini və mənəvi bütövlüyünü yüksək qiymətləndirdi. Filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu isə vaxtilə tələbəsi olmuş şairlə qürur duyduğunu bildirərək onun yaradıcılığında vətəndaş mövqeyinin, milli ruhun və sözə həssas münasibətin qabarıq şəkildə özünü göstərdiyini qeyd etdi.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov yubilyarı şəhər rəhbərliyi adından təbrik edərək Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən imzalanmış Fəxri Fərmanı təqdim etdi.
AJB Şərqi Zəngəzur Regional Təşkilatı və Süleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyi adından Namiq Dəlidağlı Fəxri Fərmanla  təltif edildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cabir Rzayev, professor Avtandil Ağbaba, Azərbaycan Yazıçılar Birliyinin Poeziya Seksiyasının rəhbəri, Əli Kərim adına Poeziya Klubunun direktoru İbrahim İlyaslı, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Qafaroğlu, şair və jurnalistlər Xaqani Abbasəli Öztürk, Asif Asiman, Firdovsi Cəfərxan, İlhamə Məhəmmədqızı, Oqtay Salahlı, Əməkdar artist Nazir Rüstəm, Novruz Kərimov çıxış edərək Namiq Dəlidağlının ədəbi yaradıcılığını və publisistik fəaliyyətini yüksək qiymətləndirdilər. Eyni zamanda, onun poeziyasında zamanın ağrılarının, yurd nisgilinin, vətəndaş məsuliyyətinin və insani duyğuların bədii ifadəylə əks olunduğunu xüsusi vurğuladılar.

Tədbir çərçivəsində müəllifin yeni nəşri - “Namiq Dəlidağlı - Sözdə görünən adam” kitabı haqqında ətraflı məlumat verildi. Bildirildi ki, kitabda şairin yaradıcılığına həsr edilmiş ədəbi-tənqidi məqalələr, müxtəlif illərdə onunla aparılmış müsahibələr, həmkarlarının və dostlarının fikirləri, eləcə də ona ithaf olunmuş poetik nümunələr toplanıb. Nəşr yubilyarın 55 illik ömür və yaradıcılıq yoluna işıq salan sanballı toplu kimi dəyərləndirildi.

Bədii qiraətçi Ayna Səs tərəfindən səsləndirilən şairin şeirləri tədbirə xüsusi ovqat qatdı, alqışlarla qarşılandı və poeziyanın canlı nəfəsi bir daha duyuldu.

Sonda Namiq Dəlidağlı çıxış edərək tədbirin belə yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirdi. O, sözə və qələmə olan inamını ifadə edərək bundan sonra da ədəbiyyata və mətbuata xidmət yolunda fəaliyyətini davam etdirəcəyini vurğuladı, şeirlərindən söylədi, oxucular üçün kitabarını imzaladı.

Xatirə şəkillərinin çəkilməsi ilə başa çatan görüş söz adamına göstərilən ehtiramın, ədəbiyyata və mənəvi dəyərlərə verilən qiymətin parlaq ifadəsi kimi yadda qaldı.















Избранный
1
2
moderator.az

3Источники