RU

Azərbaycan Qırğızıstanda keçiriləcək beynəlxalq forumda təmsil olunacaq

Bakı, 2 mart, AZƏRTAC

Martın 4-dən 7-dək Bişkekdə keçiriləcək “Umut” XIII Beynəlxalq Gənc Kino Forumunda Azərbaycan da təmsil olunacaq.

AZƏRTAC Qırğızıstan mediasına istinadla xəbər verir ki, tədbir yeni başlayan layihələrə dəstək göstərmək, gənc kinematoqrafçıların peşəkar inkişafına töhfə vermək və kino sənayesində beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

Forum Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin dəstəyi ilə “Umut Art Cinema” ictimai fondu tərəfindən təşkil olunub.

Bu il Forumun şüarı “Parisdən sevgi ilə”dir. Tədbir Qırğız Respublikasının xalq artisti, kinoaktyor və rəssam Doğdurbek Kıdıraliyevə, həmçinin qırğız kinosunun veteranı, kinoşünas, kinotənqidçi və pedaqoq Seyit Bokonbayevə həsr edilib.

Forum iki əsas istiqaməti əhatə edir – müsabiqə və sənaye platforması. Proqram çərçivəsində beynəlxalq və milli müsabiqələr, eləcə də filmlərin müəllifləri ilə görüş imkanı yaradan xüsusi nümayişlər keçiriləcək. Bu il Forumda Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və bir sıra digər ölkələrdən filmlər təqdim olunacaq.

“Umut Industry” sənaye platforması çərçivəsində master-klaslar, mühazirələr, təqdimatlar və peşəkar görüşlər təşkil ediləcək. Əsas tədbir qısametrajlı bədii filmlər üzrə layihələrin təqdimatı olacaq.

Избранный
20
azertag.az

1Источники