RU

Dövlət Komitəsinin nümayəndə heyəti iftar süfrələrinin təşkili ilə əlaqədar Türkiyədə səfərdədir

ain.az, Azertag saytına istinadən bildirir.

İstanbul, 2 mart, Günel Karatepe, AZƏRTAC

Soydaşlarımızın sıx məskunlaşdıqları ərazilərdə təşkil olunacaq iftar mərasimləri ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti İstanbulun Sarıyer bölgəsində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin burada ucaldılan abidəsi önünə tər güllər qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Ziyarətdə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva da iştirak edib.

Heyət Türkiyənin banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək, önünə gül dəstələri qoyub.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsində dəyişiklik edilməsi haqqında” Fərmanı xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının qorunmasını və sosial layihələrin həyata keçirilməsinə dövlət dəstəyinin təmin olunmasını Fondun məqsədlərindən biri kimi müəyyən edib, soydaşlarımızla daha sıx işləməyə imkan yaradıb. Bu məqsədlə DQİDK və Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) tərəfindən martın 2-də Türkiyənin İstanbul, 4-də Qars, 6-da İğdır şəhərlərində iftar süfrələrinin təşkili nəzərdə tutulur.

İftar mərasimlərində Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin və Türk Dövlətləri Təşkilatının rəhbərliyinin, Türkiyə Böyük Millət Məclisinin deputatlarının, müvafiq dövlət qurumlarının nümayəndələrinin, habelə dini icmaların təmsilçilərinin iştirakı planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
azertag.az

1Источники