ABŞ və İsrailin İrana hücumuna Moskvadan gözlənilən sərt reaksiya olmadı. Rusiya Xarici İşlər Nazirliyi bildirilirdi ki, Moskva İran ətrafındakı vəziyyətin dərhal siyasi və diplomatik həllinə qayıtmasını tələb edir.
XİN-in bu xüsusda bəyanatında həmçinin deyilirdi: “Rusiya əvvəlki kimi, beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və maraqlar balansına əsaslanan dinc həll yollarının axtarışını asanlaşdırmağa hazırdır”.
Yəni, faktiki, yumşaq bir reaksiya...
ABŞ İrana qarşı əməliyyatı Rusiya ilə razılaşdırıb? Belə bir anlaşma mümkünmü və onun Ukrayna nizamlanmasına hansı təsiri ola bilər? Xameneinin ölümü və İranın sursatlarının azalması Tehranın Rusiyaya hərbi köməyini azalda bilərmi?
![]()
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, bəzi addımları zamanında atmaq lazımdır: “Əks halda, dövlətlərin çəkindirici gücü azaldıqca onunla hər hansı danışıqların da heç bir əhəmiyyəti qalmır. Şəxsən mənim fikrimcə, Rusiya öz çəkindirmə gücünü “Starlink” peyk əsaslı internet xidmətinə giriş imkanı məhdudlaşdıqca itirməyə başladı. Ötən ayın ortalarında başlayan bu məhdudiyyətlər cəbhə xəttində üstünlüyün Ukraynaya keçməsi ilə nəticələndi. Hətta bir neçə gün ərzində Ukrayna qüvvələri Rusiyanın bir ay ərzində ələ keçirdiyi ərazilər qədər torpaqları geri qaytara bildi. Yəqin ki, bundan sonra biz Ukraynanın cəbhədə yeni uğurlar qazandığının şahidi olacağıq.
Belə vəziyyətdə Rusiyanın “gəlin, danışaq, məsələləri diplomatik yolla həll edək” deməsi əks-effekt verə bilər. Kremlin bu təkliflərinin zəiflik kimi görünməsi ehtimalı var. Bununla belə, Ukraynanın hazırda qazandığı uğurlarda ABŞ-ın payı da az deyil. ABŞ istərsə, “Starlink”dən istifadə imkanı ilə Ukraynaya qazandırdığı avantajl yenidən geri çəkə, Kiyevi ağır vəziyyətə sala bilər. Belə çıxır ki, Ukrayna müharibəsinin taleyi ABŞ-dan birbaşa asılıdır. ABŞ isə müharibəni tez bir zamanda Ukraynaya qazandırmaq istəmir. O, Rusiyanın indiki çətin durumunda Ukrayna kartından istifadə edib daha çox güzəştlər qoparmağa çalışır. Xüsusilə də Rusiyanın təbii sərvətlərlə zəngin Uzaq Şərq bölgələri ABŞ-ın tamah saldığı ərazilərdir.
Rusiya zəiflədikcə, mərkəzi hakimiyyətin ölkə üzərində nəzarəti azaldıqca bu bölgələr Çinin əlinə keçə bilər. Bu isə yaxın gələcəkdə Çinin daha da güclənməsi və ABŞ-ı üstələməsi ilə nəticələnə bilər. Ona görə də ABŞ Ukrayna savaşında Rusiyanın tam əzilməsini istəmir. Mümkün olduğu qədər savaşı uzadıb Rusiyanı tam ram etməyi planlaşdırır”.
Siyasi şərhçinin fikrincə, İran məsələsinin də ABŞ-ın Ukrayna strategiyası ilə əlaqəsi var: “Amma bu əlaqə İranın Rusiyaya verdiyi və ya verəcəyi pilotsuz təyyarələrlə bağlı deyil. Rusiya İrandan bu dronların istehsalının sirlərini satın alıb. Özünün ərazilərində böyük fabriklər qurub və “Şəhid” dronları istehsal edir. Onun artıq İrandan dron almağa ehtiyacı qalmayıb. Bununla belə, İranın ABŞ-ın nəzarətinə keçməsi Rusiya üçün strateji məğlubiyyətə bərabərdir. Çünki İran Rusiyanın Hind okeanına çıxışının, Hindistanla əlaqələr qurmasının ən qısa yoludur. Məhz bu səbəbdən Cənub-Şimal dəhlizinin açılmasında maraqlıdır. İran ABŞ-ın nəzarətinə keçərsə, Rusiya bu avantajını da itirəcək və tamamilə izolyasiyaya düşəcək.
Dünya ilə əlaqəsi kəsilən, həm Qərbə, həm də Cənuba qapıları bağlanan Rusiya ölən ulduzlar kimi öz içinə çöküb hər an partlamağa hazır vəziyyətə gələcək. Daha aydın təbirlə desək, parçalanıb yox olacaq. Görünür, həm də bu səbəbdən Rusiya heç olmasa Qərb qapısını yenidən açmaq üçün Ukrayna ilə münasibətləri normallaşdırmaq niyyətindədir. Amma Avropa ölkələri, xüsusilə Böyük Britaniya buna razılıq verəcəkmi? Sanmıram. Avropa ölkələrinin xarici kəşfiyyat orqanlarının rəhbərləri açıq şəkildə Rusiya dağılmayana qədər Ukrayna savaşının bitməsində maraqlı olmadıqlarını dəfələrlə bəyan ediblər.
Yeri gəlmişkən, Çin də ən azından konflikt qığılcımının özünə sıçramaması üçün bu savaşın uzanmasını arzulayır. Eyni şəkildə İran probleminin həllinə o qədər də həvəsli yanaşmır. ABŞ-ın və digər rəqiblərinin başının başqa coğrafiyalarda qarışması Çin üçün də çətin ələ düşəcək fürsətlərdən biridir. Dünyanın güc mərkəzlərinin arzulamadığı sülhü təmin etmək isə asan məsələ deyil”.
E.Məmmədəliyev,
Musavat.com