RU

Ölçülən elm və real təsir: elmi inkişafın zənciri

Bakı, 2 mart, AZƏRTAC

Müasir dövrdə elm yalnız bilik istehsalı prosesi deyil, həm də ölçülən fəaliyyətə çevrilib. Statistik göstəricilər, indekslər, sitatlar və reytinqlər elmi həyatın yeni dilini formalaşdırır. “Web of Science” və “Scopus” kimi platformalar elmi araşdırmanın tanınma dairəsini genişləndirərək onu beynəlxalq dövriyyəyə daxil edir, universitetləri və tədqiqatçıları vahid qiymətləndirmə məkanına gətirir. Azərbaycan elmi də bu ölçülmə dövrünə daxil olub; nəşrlərin sayı artıb, beynəlxalq jurnallarda iştirak genişlənib, elmi fəaliyyət daha şəffaf və hesabatlı görünməyə başlayıb. Bu, şübhəsiz ki, institusional modernləşmənin vacib mərhələsidir. Bu kontekstdə Prezident İlham Əliyevin vurğuladığı kimi, elmin əsas dəyəri onun praktik nəticələrindədir: elmi fəaliyyət yalnız akademik mətnlərlə məhdudlaşmamalı, iqtisadiyyatın və cəmiyyətin inkişafına real töhfə verməlidir. Bu yanaşma elm, dövlət və iqtisadiyyat arasında yüksək səviyyəli əlaqələndirmənin zəruriliyini önə çəkir.

Bu fikirlər iqtisad elmləri doktoru, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, professor Zahid Məmmədovun AZƏRTAC-a təqdim etdiyi “Ölçülən elm və real təsir: elmi inkişafın zənciri” sərlövhəli məqalədə yer alıb.

Həqiqətən də, əgər elmi nəticə texnologiyaya, innovasiyaya, idarəetmə qərarlarına və sosial dəyişikliklərə çevrilmirsə, elm rəqəmlərdə böyüyə bilər, lakin reallıqda genişlənməz. Bu baxımdan elmi inkişafın əsas zənciri belə formalaşır: nəşr → bilik → texnologiya → siyasət → cəmiyyət

Bu zəncir elmin tam həyat dövrünü ifadə edir və nəşri son nəticə deyil, başlanğıc mərhələsi kimi anlamağı tələb edir.

Nəşr. Elmi məqalə yeni ideyanın, metodun və ya nəticənin sənədləşdirilməsidir. Nəşr elmi nəticəni legitimləşdirir, onu qlobal dövriyyəyə daxil edir və digər tədqiqatlar üçün baza yaradır. Lakin nəşr hələ dəyişiklik deyil - bu, biliyin qeydiyyatıdır.

Bilik. Nəşr edilmiş nəticələr təkrarlandıqda, müqayisə edildikdə və nəzəri sistemə daxil olduqda bilik formalaşır. Bu mərhələdə elmi məktəblər yaranır, metodlar sabitləşir, problemlərin izah modelləri qurulur. Məlumat sistemləşmiş anlayışa çevrilir.

Texnologiya. Bilik praktik həll yaratdıqda texnologiya mərhələsi başlayır. Bu, məhsul, alqoritm, proqram, istehsal üsulu və ya idarəetmə modeli ola bilər. Patentlər, startaplar və prototiplər bu mərhələnin əsas nəticələridir. Elm ilk dəfə iqtisadi dəyər qazanır.

Siyasət. Bilik və texnologiya qərarverməyə daxil olduqda elm idarəetmə resursuna çevrilir. Dövlət proqramlarının yenilənməsi, normativ sənədlərin dəyişməsi, sektor strategiyalarının formalaşması və sübut əsaslı qərar mexanizmlərinin qurulması bu mərhələnin göstəriciləridir. Bu, sübutlara əsaslanan siyasət (“evidence-based policy”) mərhələsidir.

Cəmiyyət. Son mərhələ elmin insan həyatına real təsiridir. Xidmət keyfiyyətinin artması, rifahın yüksəlməsi, təhlükəsizliyin güclənməsi, iqtisadi məhsuldarlığın artması və mədəni dəyişikliklər bu təsirin görünən formalarıdır. Bu mərhələdə elm abstrakt fəaliyyət deyil, ictimai institut kimi fəaliyyət göstərir.

Bu zəncir elmin inkişaf modelini müəyyən edir. Müasir universitetlərin və akademiyaların əsas vəzifəsi məqalə sayını artırmaq deyil, bu zənciri qurmaqdır. Çünki nəşr elmin başlanğıcıdır, təsir isə onun məqsədidir”, - deyə professor Zahid Məmmədov vurğulayıb.

Pərvanə Qafarova - müxbir

Избранный
16
1
azertag.az

2Источники