RU

İraqda aviabaza pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb

Səlahəddin əyalətində yerləşən “Balad” aviabazasına iki PUA ilə zərbə endirilib...

İraqın Səlahəddin əyalətində yerləşən “Balad” aviabazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Poliqon xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb. Bildirilir ki, hücum iki pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib.

Məlumata görə, “Balad” aviabazası əvvəllər ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının qüvvələrinin yerləşdiyi əsas hərbi obyektlərdən biri olub. Hazırda hücum nəticəsində dəyən zərər və ya xəsarət alanlarla bağlı rəsmi məlumat açıqlanmayıb.

Regionda gərginlik son günlər daha da artıb. Martın 2-də İranın Bağdad hava limanı yaxınlığında yerləşən “Viktoriya” düşərgəsində ABŞ-yə məxsus Palm Jet təyyarəsini və uçuş-enmə zolağını hədəf aldığı bildirilir. Zərbələr nəticəsində düşərgə ərazisində yanğın baş verib və təyyarə zədələnib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran İslam Respublikasına qarşı hərbi əməliyyata başlayıb. ABŞ-nin Prezidenti Donald Tramp xalqa müraciətində İranın nüvə ambisiyalarından imtina etməməsini əsas gətirərək zərbələrin “səbrin tükənməsi” nəticəsində həyata keçirildiyini bildirib.

İran ərazisində bir çox şəhərlərin, o cümlədən paytaxtın hədəfə alındığı qeyd olunur. Zərbələrdən biri İranın ali rəhbəri Əli Xameneinin iqamətgahına dəyib və onun həlak olduğu bildirilib. Buna cavab olaraq İran İsrailə, eləcə də Yaxın Şərqdə yerləşən ABŞ-nin aviabazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Hazırda regionda qarşılıqlı hücumlar davam edir və təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır. Beynəlxalq ictimaiyyət tərəfləri hərbi eskalasiyanı dayandırmağa və diplomatik həll yollarına üstünlük verməyə çağırır.

Poliqon.info

Избранный
104
10
poliqon.info

10Источники