– Bibi!
– Can!
– Neynirsən orda?
– Yorğan-döşəyi yığışdırıram, ağrın alım.
– Bibi, gəl ana-bala oynayaq.
– Qoy işimi qurtarım, gülüm. Oynayarıq.
– Yaxşı…
***
– Bibi.
– Yatmaq vaxtıdır, ağrın alım. Səhər yuxudan durandan sonra nə desən oynayarıq, yaxşımı?
– Yox, onu demirəm e. Gəl ana-bala kimi yataq da, nə olar, bibi.
– Biz elə ana-balayıq da, başına dönüm. Onsuz da bir yerdə yatırıq, bir yerdə dururuq. Elə bütün günü bir yerdəyik.
– Bibi, məni qucaqa al…
– Ağrın alım, axı mən yazı yazmalıyam…
– Bibi, niyə hamı yatandan sonra sən yazı yazırsan?
– Ona görə ki, hamı yatandan sonra səs salan olmur.
– Bəs hamı oyaq olanda?
– Hamı oyaq olanda səs-küy olur. Hamı oyaq olanda mənim işlərim də çox olur. Yemək bişirirəm, qabları yuyuram, ev-eşiyi təmizləyirəm, paltar yuyuram…
– Bibi…
– Hə, nədi, şeytan balam?
– Niyə mənim anam o işləri görməyib çıxıb getdi?
– Nə bilim, getdi də.
– Onsuz da o mənim anam deyildi…
– Adam elə deməz.
Bibi xeyli susdu, sonra dedi:
– O getdi ki, biz səninlə ana-bala oynayaq.
Hər ikisi güldü.
– Di yat, gecə keçir, indi bütün uşaqlar yatmış olurlar.
– Bütün uşaqlar anaları ilə yatıblar, amma sən mənim yanıma gəlmirsən…
Qızcığaz doluxsundu.
– Yaxşı, gəlirəm…
– Bəs yazı yazmayacaqsan?
– Sonra yazaram.
– Sonra? Sonra… nə vaxt?
– Sən böyüyəndə.
***
Bibinin anasının ildönümü idi, qəbirüstü ziyarətdən qayıtmışdı. Əhvalı yaxşı deyildi. Qızcığaz oyuncaqları ilə oynayırdı, atılıb-düşürdü. Bibinin gözləri nəmli idi. Qız ona yaxınlaşdı:
– Niyə kefin yoxdu, bibi? Atan dalaşıb? (Bibisinin ərini onun atası bilirdi.)
– Nə bilim, qızım, yorulmuşam.
– Yorulmusan? Dincələndən sonra ana-bala oynayaqmı?
– Oynayaq. Nə deyirəm ki… Yaxşı, necə oynayaq, mən bilmirəm axı?
– Bax belə. Guya sən mənim anamsan. Mənə pul verib bazara göndərirsən. Mən də gedib bax, bu oyuncaqları alıram. Yaxşıdı?
– Yox…
– Niyə yox? – qızın təbəssümü yox oldu, gözləri irildi.
– Sən mənim anam olarsan…
Qızcığaz qəh-qəhə çəkdi.
– Bibi, mən boyda ana olar?! Balacayam axı!
– Bəs o gün deyirdin ki, mən böyük qızam. Nə oldu, indi balacalaşdın?
– Bibi… ana sən olmalısan…
– Niyə axı?
– Çünki sən böyüksən, mən uşağam.
– Yox, sən mənim anam olmalısan.
– Niyə, bibi?
– Çünki mən sənə anamın adını qoymuşam.
Qız fikrə getdi. Sonra dedi:
– Onda gəl… ikimiz də ana olaq. Olsun belə?
– Olsun…
– Bibi, sənin anan ölüb?
– Yox, çıxıb gedib.
– Hara?
– O biri dünyaya…
– Elə mənimki də… Axı həqiqi analar niyə gedirlər e? Nə var o biri dünyada?.. Bibi, gəl ikimiz də ana olaq. Özü də həqiqi ana.
– …həm də bala…
– Bəs bir-birimizə nə deyək?
– Anam balası…
– Sağ ol, bibi! Sən nə yaxşı ki, mənimlə ana-bala oynayırsan!
Bu vaxt qapının ağzında donub durmuş, “ana-bala oyununu” seyr edən əmisinə gözü sataşdı.
– Əmi, biz bibimlə ana-bala oynayırıq. O mənə…
Əmi içini çəkə-çəkə ağlayırdı.
– Əmi, əmi, nə oldu sənə? Ağlama, biz səni də oyunumuza qatarıq. Bibim sənə də pul verib bazara göndərəcək. Atamı da… Mən hamınızın anası olaram… Ağlama, əmi…