RU

İran geri çəkiləcək, yoxsa daha sərt zərbə vuracaq? – Kritik 10 gün

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik region dövlətləri ilə yanaşı, Cənubi Qafqaz üçün də yeni risk və çağırışlar yaradır. Mövcud vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi həm regional təhlükəsizlik balansı, həm də beynəlxalq münasibətlər sisteminin gələcək dinamikası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə İranın növbəti mərhələdə atacağı addımlar diqqətlə izlənilir.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, artıq dörd gündür İranla ABŞ-İsrail arasında hərbi qarşıdurma davam edir və tərəflərin mövqeləri göstərir ki, hazırkı mərhələdə heç biri kompromisə meylli deyil, səsləndirilən bəyanatlar isə kifayət qədər sərt xarakter daşıyır.

Onun sözlərinə görə, müharibə bütün intensivliyi və sərtliyi ilə davam edir:

“Bu şəraitdə yaxın perspektivdə – ən azı bir həftə-on gün ərzində – tərəflər arasında danışıqların başlanacağı real görünmür. Hərçənd iki gün əvvəl Donald Tramp İranın danışıqlarda maraqlı olduğunu və hətta bu məqsədlə İtaliyaya müraciət etdiyini bildirmişdi. Lakin rəsmi Tehran bu iddianı qətiyyətlə təkzib etdi və Laricani vasitəsilə ABŞ ilə hər hansı təmasın mümkün olmadığını açıqladı.

Bu baxımdan yaxın müddətdə diplomatik kanalların açılacağı gözlənilmir. Vasitəçilik imkanlarına gəldikdə isə, hazırda real təsir gücünə malik beynəlxalq aktor görünmür. Son dövrlərdə danışıqlar Oman vasitəsilə aparılsa da, Körfəz ölkələrinin də prosesə cəlb olunması və zərər görməsi onların vasitəçilik imkanlarını xeyli məhdudlaşdırıb.

Beləliklə, qarşıdakı bir həftə-on gün ərzində sərt ritorikanın davam edəcəyi ehtimalı yüksəkdir. Dünən Donald Trampın, eləcə də Netanyahunun səsləndirdiyi açıqlamalar göstərir ki, tərəflər maksimal hədəflərinə çatmağa fokuslanıblar və bu məqsədlərə nail olmadan danışıqlar masasına əyləşmək niyyətində deyillər”.

Politoloq İranın gələcək mövqeyinin yeni seçiləcək rəhbərin yanaşmasından da asılı olacağını vurğulayıb:

“Bununla belə, hesab edirəm ki, ilkin mərhələdə yeni seçiləcək dini lider də qısa müddətdə danışıqlara meylli mövqe sərgiləməyəcək. Çünki həmin şəxs siyasi elitanın razılaşdırılmış kompromisi əsasında müəyyənləşəcək və o, həm İran cəmiyyətində, həm də hərbi-siyasi dairələrdə mövcud olan radikal mövqeni nəzərə almağa məcbur qalacaq”.

//Gülnarə Abasova, Editor.az

Избранный
103
editor.az

1Источники