RU

Od çərşənbəsinin rəmzi mənası nədir?

Bu gün ölkəmizdə Novruz təqviminin ən alovlu, ən coşqulu mərhələsi – Od çərşənbəsi qeyd olunur. 


Artıq “Boz ay” yarı yolunu geridə qoyur və təbiətə can verəcək baharın nəfəsi daha aydın hiss olunur. İnsanlar bu çərşənbədə odun qarşısında saflaşdıqlarına və alovun şər qüvvələri yandırıb külə döndərdiyinə inanırlar.

Əlbəttə ki, bu gün ocağın yanması, qazanın qaynaması ruzi-bərəkət əlaməti sayılır. Bu axşam yandırılan hər tonqal bir növ keçmişlə bu günümüz arasında qurulan körpüdür. Od çərşənbəsi bizə ən qaranlıq anda belə işıq yandığını və hər sönən alovun arxasında yenidən alışmaq gücünün olduğunu xatırladır.

Bundan başqa, od çərşənbəsində tonqalın məhz həyətin girişində qalanması da təsadüfi sayılmır. Bu, qədim inanclardan qaynaqlanan bir rəmzdir. Düşünülürdü ki, alov darvaza ağzında yanarsa, evə daxil olan heç kəs özü ilə pis niyyət, mənfi enerji və ya ağırlıq gətirə bilməz. Çünki xalq təfəkküründə od həmişə şəri yandıran, qaranlığı dağıdan müqəddəs güc kimi qəbul olunub.

Onu da qeyd edək ki, bu günə qədər qorunub saxlanılan ən məşhur mərasimlərdən biri də tonqalın üzərindən tullanmaqdır. İnsanlar alovun qarşısında üç dəfə “Ağırlığım, uğurluğum odda yansın” söyləyərək tonqalın üzərindən atılırlar. Bu hərəkət sadəcə ənənə deyil, mənəvi təmizlənmə rəmzidir. İnanca görə, insan bununla xəstəlikləri, sıxıntıları və bütün azar-bezarı geridə qoyur, yeni ilə daha saf və yüngül ruhla qədəm qoyur.

Günel

Избранный
16
hit.az

1Источники