RU

Üzərliyin beynəlxalq karyera sı... Göz dəymədən qoruyan bitki sərhəddə təhlükə yə çevriləndə

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda illərdir qapı ağzından asılan, yeni evə köçərkən tüstüsü ilə “pis enerjini qovan”, körpələrin beşiyinə bağlanan üzərlik birdən-birə beynəlxalq səviyyəli “təhlükəli obyekt” statusu qazanıb. Evdə nənələrin duaları ilə yandırılan, toy-bayramda tüstüsü ilə nəzəri uzaqlaşdırdığına inanılan bu təvazökar bitki sərhədi keçən kimi hüquqi terminlərlə tanış olur.

Məlumata görə, Dövlət Dəniz və Liman Agentliyi dənizçilərə xəbərdarlıq edərək bildirib ki, Rusiya ərazisində harmala (üzərlik) artıq nəzarət altındadır və onun saxlanması, daşınması və ya dövriyyəsi inzibati və hətta cinayət məsuliyyəti yarada bilər. Bu xəbər bir çox insanı təəccübləndirib ki, illərlə gözdəyməyə qarşı “təbii qoruyucu sistem” kimi istifadə olunan bitki necə oldu ki, hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşdü?

Əslində üzərlik Azərbaycanda yalnız bitki deyil, sosial institutdur. Nənələrə görə, evə gələn qonaq çox tərif edəndə dərhal üzərlik yandırılmalıdır. Yeni maşın alınanda tüstü sükanı da görməlidir. Körpə çox şirin olanda “göz dəyməsin” deyə üzərlik tüstüsü ilə qorunur.

İndi təsəvvür edin ki, dənizçi uzun səfərə çıxır, anası çantasına bir ovuc üzərlik qoyur ki, “oğlum, yad sularda səni qorusun”. O isə limanda sənəd yoxlanışından keçərkən anlayır ki, ana qayğısı beynəlxalq hüquqi risk kateqoriyasına daxil ola bilər. Beləliklə, üzərlik ilk dəfə olaraq “metafizik təhlükələrdən qoruyucu” funksiyasından “sərhəd təhlükəsizlik məsələsi” statusuna yüksəlir.

Bu vəziyyət mədəniyyətlərarası fərqlərin nə qədər maraqlı olduğunu göstərir. Bir ölkədə pis nəzərdən qoruyan tüstü, başqa bir ölkədə hüquqi məsələ yarada bilər. Bir tərəfdə “nazar dəyməsin” deyilir, digər tərəfdə isə “qanun pozuntusu olmasın”.

Bu hadisə vacib bir həqiqəti xatırladır. Dünyada səyahət edən hər kəs yalnız coğrafi sərhədləri deyil, hüquqi və mədəni sərhədləri də keçdiyini unutmamalıdır. Evdə xoş niyyətin rəmzi olan bir əşya başqa bir ölkədə tam fərqli məna daşıya bilər.

Üzərlik öz beynəlxalq karyerasına gözlənilmədən başlayıb. Azərbaycanda o, hələ də pis nəzərdən qoruyur. Amma sərhədi keçərkən görünür, ilk növbədə qanunlardan qorunmaq lazımdır.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
109
bizimyol.info

1Источники